Bank Of Baku

AMEA: Palçıq vulkanları Bakı-Tibilisi-Ceyhan boru xəttinə real təhlükə yaradır

AMEA: Palçıq vulkanları Bakı-Tibilisi-Ceyhan boru xəttinə real təhlükə yaradır
# 30 iyun 2018 09:52 (UTC +04:00)

Palçıq vulkanları Sanqaçal terminalı və Bakı-Tibilisi-Ceyhan boru xəttinə real təhlükə mənbəyidir.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev rəsmi mətbuatda dərc olunan “Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir” başlıqlı məqaləsində yazıb.

 

Məqalədə qeyd edilib ki, palçıq vulkanlarına yaxın ərazilərdə sənaye obyektlərinin inşası böyük diqqət tələb edir: “2017-ci ildə Abşeron yarımadasında “Otmanbozdağ” adlı palçıq vulkanının güclü partlayışla müşahidə olunan püskürməsi nəticəsində, yer səthinə çıxan böyük qalınlıqlı vulkan məhsulu (brexçiya) 10 hektar sahəni əhatə edib, alov sütununun hündürlüyü 300 metrə çatıb. Qeyd olunan vulkanın Sanqaçal terminalının yaxınlığında və Bakı-Tibilisi-Ceyhan boru xəttinin bir hissəsinin bu vulkanın paleokrater ərazisində yerləşdiyini, eyni zamanda digər aktiv palçıq vulkanlarına yaxın ərazilərdən keçdiyini real təhlükə mənbəyi hesab etmək olar”.

 

AMEA vitse-prezidenti aktiv palçıq vulkanlarının Xəzər dənizində yerləşən strateji əhəmiyyətli obyektlər (Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqları) üçün təhlükə mənbəyi olaraq qalmaqda olduğunu nəzərə çatdırıb: “Palçıq vulkanlarının yeri, püskürmə vaxtı gözlənilməz olduğu üçün bu təbiət hadisələrinə qarşı hazırlıqlı olmaq lazımdır. 10 il əvvəl “Mərkəzi Azəri” platformasında dənizdə anomal qaz fonu və neft ləkələri aşkar edilərək neft quyusunda sızma təhlükəsi güman edilib və təhlükəsizlik qaydalarına görə personal sahilə təxliyə olunub. Ancaq sonradan tədqiqat aparılarkən platformanın yaxınlığında dənizdə yeni yaranmış kiçik palçıq vulkanının (qrifon) olduğu müəyyən edilmiş və onun parametrlərini dəqiqləşdirmək məqsədi ilə respublikada ilk dəfə 4D seysmik ölçü işləri aparılıb. 2007-ci ildə isə  Zaqulbada sahildən təxminən 200 metr məsafədə istirahət pansionatlarının yaxınlığında gözlənilmədən palçıq vulkanı püskürməsi nəticəsində dənizdə kiçik bir ada yaranıb, ancaq sonradan 10 gün müddətində dəniz suları ilə yuyulub. Son illər aparılan elmi-tədqiqat işləri Azərbaycanda müşahidə olunan müasir seysmogeodinamik şəraitin palçıq vulkanlarının və zəlzələlərin aktivləşməsinə birbaşa təsir etdiyini göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR