Pakistan Milli Bankı: Bakı filialımızın indiki kapitalla fəaliyyətini davam etdirməsi barədə razılıq əldə olunub

Pakistan Milli Bankı: Bakı filialımızın indiki kapitalla fəaliyyətini davam etdirməsi barədə razılıq əldə olunub
# 17 mart 2015 09:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Pakistan Milli Bankının Bakı filialına məcmu kapitalın artırılması üçün hələlik konkret vaxt verilməyib.

Bu barədə “APA-Economics”ə Pakistan Milli Bankının Bakı filialının baş menecerinin müavini Sahib Quliyev məlumat verib.

Onun sözlərinə görə, Pakistan Milli Bankının Bakı filialına məcmu kapitalını Azərbaycan Mərkəzi Bankının tələbinə uyğun olaraq 50 mln. manata çatdırılması üçün yenidən vaxt verilib.

“Bankın Azərbaycandakı fəaliyyəti iki ölkə arasında ən yüksək səviyyədə - Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə edilib. Bankın indiki kapitalı ilə fəaliyyətini davam etdirməsi barədə razılıq əldə olunub. Kapitalın hansı müddətdə artırılması məsələsinin Mərkəzi Bank və Pakistan Milli Bankının baş ofisi arasında razılaşdırılması qərara alınıb. Pakistanın burda səfərdə olan nümayəndə heyəti aparılan müzakirələr barədə Pakistan Maliyyə Nazirliyini məlumatlandıracaq. Ola bilər ki, bu həftə və ya gələn həftə Pakistan Maliyyə Nazirliyi hər hansı bir formada Pakistan Milli Bankına göstəriş verəcək. Kapitalın artırılması daha çox texniki məsələdir. Bu texniki məsələnin həlli Pakistan Milli Bankının və Azərbaycan Mərkəzi Bankı arasında olan müzakirələrdən asılıdır. Kapitalın artırılması üçün bizə vaxt verilib. Bu vaxtın konkret müddəti müzakirələrdən sonra bilinəcək”, - deyə S. Quliyev vurğulayıb.

Yeri gəlmişkən, hazırda Pakistan Milli Bankının Bakı filialının məcmu kapitalı 10,2 mln. manat civarındadır.

Qeyd edək ki, dünyanın 1000-dən çox bankı ilə əməkdaşlıq edən Pakistan Milli Bankın 23 ölkədə filialı mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR