Bank Of Baku

“Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” təsis olunub - FOTOSESSİYA

“Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” təsis olunub - <font color=red>FOTOSESSİYA</font>
# 25 sentyabr 2011 15:02 (UTC +04:00)
APA-nın Rusiya müxbirinin verdiyi məlumata görə, şəhərin “Avropa” otelində baş tutan təsis toplantısında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, Azərbaycan Milli Məclisinin deputatı, MDB Parlamentlərarası Assembleyada Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya şöbəsinin rəhbəri Şakir Səlimov, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev, Sankt-Peterburq Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Vyaçeslav İvanov, Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində yaşayan azərbaycanlı iş adamları, ziyalılar, şəhər və vilayətin idarəçiliyində təmsil olunan dövlət rəsmiləri və digər şəxslər iştirak ediblər.

Təsis toplantısı Rusiya və Azərbaycan himnlərinin səslənməsi ilə başlayıb. Cəmiyyətin təşkilat komitəsi və toplantıya qatılan 310 iştirakçı “Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” diaspor təşkilatının Nizamnaməsini qəbul ediblər. Daha sonra səsvermə ilə təşkilatın sədrini seçilib. 50 ildir, bu şəhərdə yaşayan, Sankt-Peterburq Smolnı Universitetinin rektoru, akademik Heydər İmanov 3 il müddətinə təşkilatın sədri seçilib. Təşkilatın sədr müavinləri və icraçı direktoru isə yaxın günlərdə təşkilat şurası tərəfindən seçiləcək. NizamnAməyə görə, təşkilata sədrlik edəcək şəxs yalnız bir müddətə bu vəzifəni tuta bilər.

Toplantıda çıxış edən Şakir Səlimov bu günün Azərbaycan və Sankt-Peterburq azərbaycanlıları üçün önəmli bir gün olduğunu söyləyib. Təşkilatın yaradılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Ş. Səlimov bu diaspor təşkilatının dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları içərisində özünə layiqli yer tutacağını söyləyib: “Biz dövlət komitəsi olaraq bu diaspor təşkilatını dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.

Aqşin Əliyev çıxışında səfir Polad Bülbüloğlunun tədbir iştirakçılarına təbrik məktubunu çatdırıb. A. Əliyev səfirliyin hər zaman bu təşkilatı dəstəkləyəcəyini bildirib: “Ümid edirik ki, bu təşkilat Azərbaycanın mədəniyyətinin, tarixinin təbliğatı istiqamətində uğurlu fəaliyyət göstərəcək. Təbliğat işində bir diaspor təşkilatı kimi səfirliyə kömək edəcək. Səfirlik olaraq biz hər zaman əməkdaşlıq eləməyə hazırıq”.

Tədbirdə çıxış edən millət vəkili Aydın Cəfərov Sankt-Peterburqda yaşayan azərbaycanlıların hamısının ona doğma olduğunu söyləyib: “Sankt-Peterburqda yaşayan və bu təşkilatda təmsil olunan insanlar hamısı bir yumruq kimi olmalıdırlar. Bu şəhərdəki bütün azərbaycanlılar bu məqsədlə birləşməlidirlər. Azərbaycanın mədəniyyəti və tarixinin təbliğatı və digər sahələrdə bir-birinə yaxından dəstək olmalıdırlar”.

Sankt-Peterburqda fəaliyyət göstərən Naxçıvan Mədəniyyət Məlumat Mərkəzinin rəhbəri İdris Qəhrəmanov yaradılan təşkilatın Azərbaycan və Sankt-Peterburq azərbaycanlıları üçün böyük işlər görəcəyini söyləyib: “Bu gün Naxçıvan Mədəniyyət Məlumat Mərkəzi, Sankt-Peterburq Qadınlar Şurası, Sankt-Peterburq İş adamları Assosiasiyası və digər təşkilatlar birləşərək bu cəmiyyəti təsis ediblər. Yaradılan təşkilat Sankt-Peterburq azərbaycanlılarının bir qüvvə altında birləşdiyinin göstəricisidir”.

Daha sonra tədbirdə Sankt-Peterburda yaşayan Azərbaycan ziyalıları və iş adamları çıxış ediblər. Onlar təşkilatın fəaliyyətində yaxından iştirak edəcəklərini bildiriblər. Şəhər idarəçiliyində təmsil olunan dövlət rəsmiləri isə çıxışında yeni yaranan “Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” ilə yaxından əməkdaşlıq edəcəklərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR