Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Avropa Parlamentinin 300-ə qədər üzvünə ünvanlanmış müraciətdə AAK Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirilməsini, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirdiyi soyqırımı aktının müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirilməsini tələb edib.
Müraciətdə həmçinin Xocalı soyqırımının beynəlxalq ekspertlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv ölkələrin başçılarından münaqişənin həlli və sülhün əldə edilməsi üçün cəhd göstərmək istənilib.
Müraciətdə bildirilir ki, sülh Cənubi Qafqazda ortaq coğrafi mövqeyə, təbii sərvətlərə və çoxəsrlik mədəni irsə malik xalqların birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir. AAK münaqişənin həlli ilə bağlı indiyədək qəbul edilmiş qərar və bəyanatlara istinad edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə bəyanatın Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyinə və bu yolda yeni səylər göstəriləcəyinə ümid etdiyini vurğulayıb.