Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın Türkiyədəki səfirliyində Novruz bayramı münasibətilə geniş tərkibli şənlik keçirilib.
Səfirlikdən APA-ya verilən xəbərə görə, şənlikdə Türkiyə Prezidenti Administrasiyasının rəhbəri Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezgin, iqtidar partiyası AKP-dən olan millət vəkili Tülay Selamoğlu başda olmaqla çoxlu sayda millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, incəsənət və elm xadimləri, diaspor nümayəndələri, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tədbirin açıq elan edən səfir Faiq Bağırov Novruzun mahiyyəti və əhəmiyyəti barədə çıxış edib, Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə təbrikini oxuyub.
Sonra qonaqlara milli musiqilərin sədaları altında ölkəmizin ənənəvi mətbəxinə məxsus ləziz yeməklərin də olduğu ziyafət verilib. Səfirliyin həyətində yandırılmış Novruz tonqalı qonaqlara şən və gözəl dəqiqələr, gənclərin milli musiqilərlə etdiyi rəqslər şənlik iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
Tədbir iştirakçılarına türk dilində nəşr olunan "İrs-Miras" jurnalının yeni çap olunmuş növbəti sayı təqdim olunub.