Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,8 dəfə artıb

Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,8 dəfə artıb
# 18 iyun 2012 13:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın 2012-ci ilin I rübü üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 2 496,1 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bunun 1 715,1 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 781,0 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərin dəyəridir.

Beləliklə, xidmətlər balansının saldosu mənfi 934,1 mln. dollar olub ki, bu da əvvəlki ilə nisbətən 78,7% çoxdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 14,9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 373,1 mln. dollar olan nəqliyyat xidmətlərinin 61,9%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etməsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 142,2 mln. təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 88,7 mln. dollar təşkil edib.

Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 466,0 mln. dollar məbləğində olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 581,5 mln. dollar məbləğində olub. Nəticədə turizm xidmətləri üzrə 115,5 mln. dollar həcmində mənfi saldo yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR