APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxışında Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili deyib. O bildirib ki, Rusiya və Qacar səltənəti arasında olan müharibə bölgədə, əsasən də Qafqaz alban-udin icması üçün kataklizmlərlə yadda qalıb.
Udinlərin bölgənin qədim şərqi xristianları olduğunu xatırladan R. Mobili qeyd edib ki, Çar Rusiyasının bölgədəki siyasəti albanların dini-milli hüquqlarını pozmaqla yanaşı, onların tarixi keçmişinin saxtalaşdırılması ilə nəticələnib: “Rusiya çarlarının Qafqazdakı siyasəti, ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü. Həmin qərardan sonra çoxlu sayda alban-xristian kilsələri və abidələri həm Qarabağda, həm də indiki Ermənistan ərazisində erməniləşdirildi, yaxud da dağıdıldı. Bu gün onlarla alban-xristian məbədləri işğal altındadır”.
O deyib ki, uzun əsrlər boyu xristian və müsəlman din xadimləri yadellilərə qarşı birgə mübarizə aparıblar: “Bugünkü Azərbaycan dini-milli tolerantlıqla bağlı dünyanın demək olar bütün ölkələri üçün nümunə ola bilər”.