Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanda azan verilmə məsələsi bizi çox çətinliyə salıb”. APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayı ilə bağlı keçirilən tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.
Onun sözlərinə görə, dövlətdən xahiş olunacaq ki, azan verilməsi sahəsində ikitirəlik salanlarla bağlı ciddi qərarlar verilsin: “Hətta əgər şəxsi balkonundan azan verirsə, başqasını yoldan çıxarırsa və başqa təsirlərə gətirib çıxarırsa, deməli, biz xahiş etməliyik ki, bu məsələdə dövlət bizə kömək etsin. Xüsusilə Ramazan ayında. Çünki burada iftarın açılması ilə azanın verilməsi, səhərin qurtarması və s. söhbəti var. Yəni səhər namazının başlanması söhbəti gedir ki, bəzən görürsən yarım saat qabaq kimlərsə azanı verdi və bununla da insanları hansısa məqsədlə arxasınca apardı. Bizim tərəfdən verilən azanla getmək lazımdır. Əks halda, bu, çoxlu narazılıqlar yaradır. Biz təqvimlər paylamışıq və orada vaxt Şamaxı Rəsədxanası ilə birgə çox aydın göstərilib. Bizim təqdim etdiyimiz hər iki məzhəb üçün yararlı olan azandır. Hami birlikdə azan verməlidir. Hansısa imam, axund bunu pozarsa, ikitirəlik yaradarsa, barəsində ölçü götürəcəyik".