Bank Of Baku

Ayətullah Təsxiri: “Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir” - FOTO

Ayətullah Təsxiri: “Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir” - <span style="color: red;">FOTO
# 16 sentyabr 2013 09:43 (UTC +04:00)

Bakı – APA.Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir”. Bu sözləri İranın ali dini liderinin müşaviri ayətullah Təsxiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşündə bildirib. Komitədən APA-ya verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə ayətullah Təsxiri Elşad İskəndərovu onun İslam Konfransı Gənclər Forumuna rəhbərlik etdiyi dövrdən tanıdığını, bu qurumun İslam Əməkdaşlığı Təşkilatı ölkələri gəncləri arasında dinlər və məzhəblərarası dialoqa yönəlik fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

 

İran ali dini rəhbərinin müşaviri və “İslam Məzhəblərinin Yaxınlaşması Təşkilatı”nın  təsisçisi bu gün dünyada dini radikalizmin, başqa din və məzhəbləri təhqir, təqib edən, təkfirçi və ekstremist əsaslara söykənən dini cərəyanların bəşəriyyətə əsl təhlükə olduğunu vurğulayıb. Təsxiri qeyd edib ki, çox zaman belə dar düşüncəli cərəyanlar başqalarının əlində alət olur və qeyri-müsəlman ölkələrində islamofobiyanın yaranmasına rəvac verir: “Odur ki, bu gün, məzhəbindən asılı olmayaraq islam alimləri qarşısında duran əsas vəzifələrdən biri məhz bu radikalizmin aradan qaldırılması və əvəzində müsəlmanlara azad təfəkkür ənənəsinin aşılanması olmalıdır. Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir”.

 

Azərbaycanda dəfələrlə olduğunu və buradakı dini tolerantlıq modelini yüksək qiymətləndirdiyini bildirən ayətullah Təsxiri, bu modelin başqa müsəlman ölkələri üçün də nümunə ola biləcəyini söyləyib.

 

DQİDK sədri Elşad İskəndərov Azərbaycan dövlətinin din sahəsindəki siyasətinin dini tolerantlıq, məzhəblərarası yaxınlaşmanın təmin olunmasına yönəldiyini, radikal dini düşüncələrin təhlükəsini başa düşərək bu istiqamətdə də prinsipial mövqe tutduğunu bəyan edib. Azərbaycanın unikal tolerantliq modelinin məzhəblərarası dialoqa töhfə verə biləcəyini qeyd edən komitə sədri bu sahədə praktiki addımlara hazır olduğunu bildirib. Belə ki, Azərbaycanda iki ildən bir keçirilməsi nəzərdə tutulan “Din-dövlət münasibətləri üzrə Bakı Forumu” çərçivəsində əsas istiqamətlərdən birinin məhz İslam məzhəblərinin yaxınlaşması mövzusuna həsr edilməsi təklif olunub. Eyni zamanda bu istiqamətdə işlərin davamlı aparılmasını vacib saydığını söyləyən komitə sədri radikal, ekstremist və təkfirçi düşüncəyə qarşı ayrı-ayrılıqda deyil, İƏT çərçivəsində fəaliyyət göstərməyi təklif edib. Bu istiqamətdə DQİDK-nin bu il təsis etdiyi Milli Tolerantlıq Mərkəzi çərçivəsində İran, Türkiyə və Azərbaycanın ilahiyyat və din sahəsindəki tədqiqatçılarından ibarət elmi qrupun yaradılması haqda prinsipial razılıq əldə edilib. Öz növbəsində Ayətullah Təsxiri hər iki təklifi məmnuniyyətlə qarşıladığını və müştərək fəaliyyətə hazır olduğunu açıqlayıb. Görüşün yekunu olaraq ekspertlər səviyyəsində bu təkliflərin icrası istiqamətində praktiki işlərə başlanması qərarlaşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR