Bakı. Mübariz Aslanov - APA. Azərbaycan tərəfi İrəvanda Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək “Müasir dünyada dini etiqad azadlığı: problemlər və qarantiyalar” adlı forumda iştirak etməyəcək.
Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, ümumiyyətlə bu tədbirlə bağlı onlara dəvət və yaxud bildiriş daxil olmayıb. Bu səbəbdən də QMİ bu tədbirə qatılmayacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə APA-ya bildirilib ki, Komitəyə Xarici İşlər Nazirliyi vasitəsilə forumun keçirilməsi ilə bağlı məlumat xarakterli məktub daxil olsa da, komitə tədbirə qatılmır.
Komitədən onu da qeyd ediblər ki, Azərbaycandan hansısa dini icmanın da bu foruma qatılması ilə bağlı quruma məlumat daxil olmayıb.
Qeyd edək ki, sentyabrın 2-3 - də İrəvanda Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Müasir dünyada dini etiqad azadlığı: problemlər və qarantiyalar” adlı forum keçiriləcək. Forumda dini icmaların nümayəndələri, AŞ ölkələrinin ekspertləri, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri iştirak edəcəklər. Forumun açılış mərasimində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, bütün ermənilərin katalikosu II Qaregin iştirak edəcəklər.