Bakı. Mübariz Aslanov - APA. Sabah Azərbaycandan Həcc ziyarətinə növbəti zəvvar qruplarını aparan təyyarələr yola düşəcək. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sabah zəvvarların səfərləri ilə bağlı 3 təyyarə reysinin uçuşu təşkil olunacaq.
Bu reyslər Bakı vaxtı ilə səhər saat 07:40 – da, axşam 22:00-da və axşam 22:20-də baş tutacaq. Hər təyyarədə bir zəvvar qrupu olacaq. Reyslər birbaşa Ciddə şəhərinədir.
Qeyd edək ki, bu gün səhər saat 08.00 - da və 09:20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan azərbaycanlı zəvvarları aparan ilk təyyarə reysləri artıq yola salınıb və zəvvarlar Ciddə şəhərinə çatıblar. Hər təyyarədə bir zəvvar qrupu olub.
Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda bu il də Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfərdir. Ümumilikdə bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.