Bakı – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İran İslam Respublikasına işgüzar səfəri çərçivəsində rəsmi görüşlərə başlayıb. Komitədən APA-ya verilən məlumata görə, E. İskəndərov İranın yeni mədəniyyət və islami irşad naziri Əli Cənnati, ali dini liderin müşaviri, ayətullah Əli Təsxiri, prezidentinin müşaviri, İslam Mədəniyyəti və Beynəlxalq Əlaqələr Təşkilatının sədri M. Xorrəmşad ilə görüşlər keçirib.
Görüşlərdə dini, mənəvi-mədəni, elmi sahələrdə İran-Azərbaycan əlaqələrinin mövcud durumu, onların inkişaf perspektivləri müzakirə ediliB, İran və Azərbaycan arasında bu sahədə olan problemlər və onların aradan qaldırılması yolları haqda fikir mübadiləsi aparılıb. Görüşlər zamanı dini və mənəvi-mədəni sahələrə aid, həmçinin ortaq tarixdən irəli gələn mövzularda, ölkələrin qanunlarına hörmət, ortaq dəyərlərin qorunması və ölkələrarası münasibətlərin möhkəmləndirilməsi prinsipləri çərçivəsində Dövlət Komitəsi ilə İranın müvafiq qurumları arasında konstruktiv əməkdaşlığın aparılması istiqamətində konkret razılıqlar əldə edilib.
DQİDK sədri İranın rəsmi şəxslərinə Azərbaycanda dövlətin İslam dini dəyələrinə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib, müstəqillik dövründə Azərbaycanda məscidlərin sayının 17-dən 1800-ə yüksəldiyini, son 10 ildə 200-dən artıq məscidin inşa və bərpa olunduğunu, bu sahədə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüslərini xüsusi vurğulayıb.
Görüşlərdə diqqət mərkəzində olan əsas məsələlər sırasında hal hazırda bütün dünyanı narahat edən radikal dini cərəyan və hərəkatların inkişafının qarşısının alınması sahəsində əməkdaşlıq perspektivləri; ortaq tarixi və mənəvi-mədəni irsin yaşadılması və birgə öyrənilməsi, İranda dini təhsil alan azərbaycanlı tələbələrin mövcud problemlərinin həlli və bu prosesin şəffaf və qanunauyğun şəkildə aparılması da olub.
Komitə sədri işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən müştərək dini dəyərlər, o cümlədən İslamın dini və mədəni abidələrinə qarşı vandalizm aktlarını həmsöhbətlərinin diqqətinə çatdıraraq, qardaş İranın nüfuzlu dini xadimlərinin bu məsələyə İslam həmrəyliyi prinsipləri çərçivəsində münasibət bildirməsinin vacibliyini xüsusi qeyd edib. Görüşlər zamanı iki ölkə arasında münasibətlərə mənfi təsir göstərən, dini sahəyə aid və bir çox hallarda əsassız məlumatların yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq məsələsi müzakirə olunaraq hər iki tərəfdən bu sahədə birgə addımların atılmasının vacibliyi qeyd edilib.
İslam Mədəniyyəti və Beynəlxalq Əlaqələr Təşkilatının sədri M. Xorramşad ilə görüş zamanı İslam mənəvi irsinin dünyaya tanıtdırılması istiqamətində son ildə DQİDK tərəfindən başlanmış layihələr haqqında məlumat verilib, bu sahədə iki qurum arasında Şəms Təbrizi, Seyid Yəhya Şirvani Bakuvi kimi mütəfəkkirlərin irsinin dünyada tanıdılması, Azərbaycan tədqiqatçılarının əsərlərindən ibarət məcmuənin İranda nəşr edilməsi haqqında konkret razılıqlar əldə edilib.
Dövlət Komitəsinin rəsmi heyətinin səfər proqramı çərçivəsində bu gün Qumda nüfuzlu din xadimləri, Qum dini elmlər hövzəsinin rəhbərliyi və burada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Komitə sədrinin rəsmi görüşlərində nümayəndə heyətinin üzvləri – İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov, DQİDK Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli və Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov iştirak ediblər.