Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakıda Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM ) təşkilatçılığı ilə “Aşurada kamil insan obrazı” mövzusunda elmi konfrans keçirilib.
APA-nın məlumatına görə, konfrans Quran ayələrinin dinlənilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Konfransda DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Aşura gününün vacibliyi, Aşuranı yaşamaq və yaşatmaq mövzusunda çıxış edib. Aşura günü ilə bağlı hadisələrin təhlili üçün toplantının əhəmiyyətini vurğulayan İ. İbrahimoğlu, Aşuranı milli kimliyimizə bağlı olan məsələ kimi dəyərləndirib. O bildirib ki, hələ sovet dövründə dinsizliyin hakim olması və insanlara çətinlik törədilməsinə baxmayaraq, millətimiz Aşuranı yaşadıb. O, Aşuranın mahiyyətinin və fəlsəfəsinin insanlara çatdırılmasının vacibliyini vurğulayıb.
DEVAMM sədri qeyd edib ki, Azərbaycan mədəniyyətində də, milli poeziyasında da Aşura ənənəsini görmək olar. İ. İbrahimoğlu Aşuranın Azərbaycanda gələcəkdə rəsmi gün kimi qeyd edilməsinin vacibliyini də diqqətə çatdırıb.
Sonra dünyanın müxtəlif ölkələrində Aşuranın qeyd edilməsinə həsr olunmuş video çarx nümayiş etdirilib.
Konfransda digər çıxışlar da dinlənilib.