Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı ölkəmizin xarici siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edərək, bütün sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin yüksək səviyyədə davam etdiyini bildirib.
T. Altıkulac isə Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. Azərbaycan prezidentinin din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən T. Altıkulac Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib. Qonaq qeyd edib ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.
Söhbət zamanı Azərbaycanla din sahəsində münasibətlərin qurulmasında T.Altıkulacın böyük xidmətlərinin olduğu xüsusi qeyd olunub.
Görüşdə həmçinin dini radikalizm və ekstremizmə qarşı mübarizə məqsədilə Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.