Bakı. Mübariz Aslanov - APA. Dini İşlər üzrə Dövlət Komitəsi Zaqatalada sökülən məscid və bununla əlaqədar yerli əhalidə narazılıq yaranması haqda yayılan məlumatlara münasibət bildirib.
Komitədən APA-ya verilən açıqlamada bildirilir ki, Zaqatalanın Faldarlı kəndindəki məscid orada baş verən zəlzələdən sonra düşdüyü qəzalı vəziyyətə görə sökülür.
Komitədən bildirilir ki, məlum zəlzələdən sonra Zaqatalada bir sıra məscidlər də zərər çəkib, bunlardan biri də faldarlı kənd məscididir: “Hazırda digər tikililər ilə yanaşı, həmin məscidlərdə də təmir-bərpa işləri aparılır. Bunlar arasında adı çəkilən məscid ciddi zərər gördüyündən, sökülüb yerində yeni bir məscidin inşa edilərək dindarların istifadəsinə verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Zaqatalada bərpa olunan və ya sökülən məscidlərin yerində hər hansı bir digər təyinatlı obyektin tikiləcəyi nəzərdə tutulmur”.
Qeyd edək ki, Zaqatala rayonunun Faldarlı kəndinin zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş orta məktəbinin yerində yeni korpus tikiləndən sonra əraziyə bitişik məscidin də sökülərək ərazinin oyun meydançası kimi istifadə olunmasına qərar verilməsi barədə xəbər yayılıb. Bu xəbərə görə, kənd sakinləri bu qərardan hiddətləniblər və müvafiq orqanlara etirazlarını bildiriblər. Onlar deyirlər ki, 300 ildən çox yaşı olan və zəlzələdən də qəzasız vəziyyətdə çıxan, heç bir bərkitmə və möhkəmləndirmə tədbirinə ehtiyac duyulmayan bu məscid Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısındadır və bu qurum tərəfindən inventarlaşdırılıb.