Neftçala. Əlibəy Zeynallı - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Neftçalada vətəndaşları qəbul edib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəbulda Neftçala ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak ediblər.
Vətəndaşları fərdi şəkildə qəbul edən Dövlət Komitəsinin sədri onları narahat edən məsələləri dinləyib və müvafiq istiqamətdə tapşırıqlar verib. Müraciətlər əsasən dini ibadət yerlərinin tikilməsi, təmiri və bərpası, dövlət qeydiyyatına alınması, Quran kurslarının açılması, dini mərasimlərin, xüsusən Aşura mərasimlərinin keçirilməsi barədə olub.
Eyni zamanda vətəndaşlar Aşura mərasimlərində qanvermə aksiyaların keçirilməsi üçün şəraitin yaradılması, o cümlədən Aşuranın hörmətinə xələl gətirən başyarma, qançıxarma kimi xurafat elementlərinin qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsini Dövlət Komitəsinin sədrinin diqqətinə çatdırıblar.
E.İskəndərov Quran kurslarının yaradılması üçün artıq Qafqaz Müsəlmanları idarəsinə müraciət edildiyini sakinlərin diqqətinə çatdırıb. Qeyd edib ki, QMİ tərəfindən Quran kursları üçün vahid proqram hazırlandıqdan sonra bu sahədə mövcud problemlər aradan qaldırılacaq: “Aşura mərasiminin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi məqsədilə Dövlət Komitəsinin hazırladığı tədbirlər planına uyğun olaraq bütün bölgələrdə maarifləndirmə işləri aparılır. Eyni zamanda qanvermə aksiyalarının keçirilməsinə də Komitə öz dəstəyini verir”.