APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini ekspertiza, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdiri Aqil Şirinov Qəbələdə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Nic qəsəbəsindəki 300 il yaşı olan Alban-Udi kilsəsinin fəaliyyətinin bərpasının 10 illiyinə və Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunan "On il dirçəlişdə" adlı bayram tədbiri böyük əhəmiyyətə malikdir. Komitə nümayəndəsi qeyd edib ki, Azərbaycan dövləti ölkənin ən qədim dini konfessiyalarından biri olan Alban-Udi kilsəsinə hər zaman dəstək verib və Qafqaz Alban irsinin dünyada tanıdılması üçün bir çox tədbirlər həyata keçirib: "Alban-Udin Kilsəsinin qorunması Azərbaycan hökumətinin prioritet məsələlərindən biridir. Komitə son bir ildə bu irsin tanıdılması üçün bir çox işlər görüb. Bu səpkidə fəaliyyətlər gələcəkdə də davam etdiriləcək. Yaxın gələcəkdə Alban Apostol Avtokefal Kilsəsinin tarixinə həsr olunan kitabın hazırlanması, Qafqaz Albaniyası ilə əlaqədar beynəlxalq səviyyəli konfransın keçirilməsi və UNESCO səviyyəsində dünyada tanınmış məşhur fotoqraf Rza Diqqətinin alban dini-mədəni abidələrini əks etdirən fotosərgisinin təşkil olunması planlaşdırılır".
Komitənin şöbə müdirinin sözlərinə görə, artıq uzun illərdir ki, ermənilər Qafqaz Alban Kilsəsinin maddi-mədəni nümunələrini öz adlarına çıxarmağa çalışırlar. Lakin, Azərbaycan buna yol verməyəcək və bu saxtakarlığın qarşısı hərtərəfli alınacaq: "Nic qəsəbəsindəki Qafqaz Alban-Udi Kilsəsinin dünyada Azərbaycana məxsus qədim apostol kilsəsi kimi tanıdılması bu irsin ermənilər tərəfindən məqsədyönlü şəkildə mənimsənilməsinin qarşısını alacaq. Azərbaycan dövlətinin səyləri nəticəsində artıq dünya ictimaiyyəti bu qədim kilsənin məhz Azərbaycana məxsus olduğu və hazırda onun davamçılarının burada yaşamağa davam etməsi barədə kifayət qədər məlumatlıdır".
Aqil Şirinov qeyd edib ki, udilərin tarixi Vətəni Azərbaycandır. Udilər Qafqazda 1700 il əvvəl xristianlığı ilk dəfə qəbul edən etnoslardan biridir: “Alban çarı Urnayr 313-cü ildə xristianlığı rəsmi dövlət dini kimi elan edib. Bununla da qədim Azərbaycan ərazisində xristianlıq təşəkkül tapmağa başlayıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi ədalət öz yerini tapıb və Alban-Udi kilsəsi bərpa olunub. Bu gün udilər Alban Apostol Avtokefal Kilsəsinin zəngin dini-mədəni irsinin varisləri hesab olunur. Hazırda udilərin kompakt şəraitdə yaşadığı Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir”.