Bank Of Baku

Dövlət Komitəsinin sədri: “Dini radikalizmin ən yüksək inkişaf etdiyi yerlərdə ən çox narkomaniya yayılır”

Dövlət Komitəsinin sədri: “Dini radikalizmin ən yüksək inkişaf etdiyi yerlərdə ən çox narkomaniya yayılır”
# 12 aprel 2013 10:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Şamaxıda Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Din-dövlət münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans başlayıb.

 

APA-nın xəbərinə görə, öncə konfrans iştirakçıları Şamaxıdakı Türk Şəhidliyini, Şamaxı şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib, hazırda bərpa edilən Cümə məscidinə baş səkiblər.

 

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycanda dini dəyərlərin qorunması istiqamətində Heydər Əliyevin gördüyü işlərdən danışıb. Elşad İskəndərov Şamaxı şəhərindəki tarixi Cümə məscidinin Cənubi Qafqazda tikilən ilk məscid olduğunu bildirib. Onun sözlərinə görə, Qafqazda İslamın ilk simvolu olan məsciddə XX əsrin əvvəlində ermənilər tərəfindən yüzlərlə insan öldürülüb: “Mən əslən bu bölgədənəm, atamın işi ilə əlaqədar təhsil aldığım dönəmdə 4 il tez-tez burada olmuşam. Ermənilər tərəfindən yandırılmış bu məscid Sovet dövründə elə o vəziyyətdə saxlanılırdı. Bununla da erməni lobbisi, Azərbaycan xalqının düşmənləri xalqımıza mesaj verirdilər. Bu gün o məscid bərpa olunur və bu, bizim verdiyimiz ən ciddi mesajdır”.

 

Elşad İskəndərov deyib ki, din kortəbiiliyə və fanatizmə əsaslana bilməz: “Bu gün böyük dünya dövlətlərinin mərkəzlərində ənənəvi dinlərin bərpası istiqamətində iş aparılır. Halbuki həmin mərkəzlər bir vaxtlar ənənəvi dinlərə qarşı mübarizə aparıblar”.

 

Elşad İskəndərov 2 gün ərzində keçiriləcək konfransda əsas məqsədin maarifləndirmə işi olacağını söyləyib: “Şamaxıda 2 ay sonra dini icmalar üçün sonra qısa dini kurslar açılacaq. Dini icmaların böyük sosial funksiyaları var. Ancaq təəssüflər var ki, bu gün rayonlarda başına beş-on nəfəri toplayıb, maddi marağını güdən, özünü güc mərkəzi təqdim etməyə çalışanlar var. Bu səhv yoldur. Görürsən ki, dini radikalizmin ən yüksək inkişaf etdiyi yerlərdə ən çox narkomaniya yayılır. Din düzgün təbliğ olunsaydı, narkomaniya o halda geniş yayılmazdı”.

 

Dövlət Komitəsinin sədri dini icmaların rəhbərlərini açıq dialoqa dəvət edib.

 

Millət vəkilləri Elton Məmmədov və İlham Məmmədov Heydər Əliyevin dini dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıb, bu gün dini sahədə maarifləndirmənin aparılmasını zəruri sayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR