Avropa Azərbaycan Cəmiyyətindən APA-ya veriulən məlumata görə, Bordo Müsəlman Məscidinin və Müsəlman Dünyasının Araşdırılması və Kəşfi İnstitutunun rəhbəri Tareq Ubrunun sədrlik etdiyi simpoziumda bu mövzu üzrə tədqiqatçılar və Akvatin əyalətindən olan dini icmaların nümayəndələri iştirak ediblər.
Natiqlər öz çıxışlarında dünyəvilik konsepsiyası, o cümlədən dövlətin dini məsələlərdəki mövqeyi, Azərbaycandakı dünyəvilik anlayışının və təcrübəsinin tədqiqi, dünyəvilik məsələsində Azərbaycan və Fransa təcrübəsindəki oxşar və fərqli cəhətlər kimi mövzulara toxunublar.
Fransa Sosialist Partiyasının deputatı Vinsent Feltes və Bordo Şəhər İcması prezidentinin nitqindən sonra Bakı Dövlət Universitetinin siyasi elmlər və sosiologiya professoru, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli dünyəvilik və dini müxtəliflikdə Azərbaycan modelini təqdim edib. O, həm də ölkədəki dini tolerantlıqdan bəhs edərək bu istiqamətdə dövlətin roluna diqqət çəkib: “Biz Azərbaycan təcrübəsini hər kəslə bölüşmək və bizim dünyəvilik və dini tolerantlıq modelimizin digərləri üçün necə ilham mənbəyi olduğunu göstərmək istəyirik”.
Sonra “Yavne” yəhudi mədəniyyət mərkəzinin rəhbəri Herve Rehbi dinlərarası dialoqun nəzərəçarpacaq dərəcədə tolerant olduğu Fransanın Bordo şəhərindəki dünyəvilik ənənələri barədəki fikirlərini paylaşıb.
2013-cü ilin aprelində Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi səfərdə iştirak etmiş, yerli dini qurumlar, dövlət və ictimai təşkilatlarla görüşlər keçirmiş, bu ilin 29 may-1 iyun tarixlərində Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş cənab Ubru yerində tanış olduğu Azərbaycandakı dünyəvilik modelinə dair təəssüratlarını simpozium iştirakçıları ilə bölüşüb. O izah edib ki, Azərbaycandakı dinlərarası dialoq və dünyəvilik təcrübəsinə bugünkü qloballaşma kontekstində yanaşmaq lazımdır və Fransa və Azərbaycan kimi dünyəvi dövlətlərin öz təcrübələrini bölüşməsi, ümumi problemlərini həll etməsi əhəmiyyətli addımdır.
Simpoziumda iştirak edən 150 nəfərə yaxın tədqiqatçı, dini icmaların təmsilçiləri, icmalçılar və vətəndaş cəmiyyəti nümayəndələri Fransa və dünyanın istənilən yerində dünyəvilik konsepsiyası və müxtəlif dini icmaların birgə yaşamasının gələcək perspektivlərini müzakirə etməkdə maraqlı olduqlarını bildiriblər.