Bakı. Məlahət Nəcəfova-APA. Qazaxıstanın Almatı şəhərinin Jetisu rayonunda fəaliyyət göstərən azərbaycanlıların yaratdığı “Fatimə” şiə dini icması rəsmi şəkildə ləğv edilib. APA-nın yerli “Forum 18” saytına istinadən verdiyi məlumata görə, Almatı İxtisaslaşmış Rayonlararası İqtisadi Məhkəməsinin qərarı ilə icmaya məxsus 600 kvadrat metr ərazidəki bir mərtəbəli məntəqə müsadirə edilib. Məhkəmə bu qərarı Almatı şəhər Ədliyyə Departamentinin ötən ay qaldırdığı iddia əsasında çıxarıb. İcma üzvlərinin sözlərinə görə, təkrar qeydiyyatdan keçə bilməməklərinə səbəb müsəlmanların sünni dini idarələrinə daxil olmaqdan imtina etmələri olub.
Almatının dini işlər üzrə idarəsindən isə bildirilib ki, icmanın təsis sənədləri qaydasında olmayıb. Onların sözlərinə görə, icma sənədlərini qaydaya saldıqdan sonra yenidən icma kimi qeydiyyatdan keçə bilərlər.
Dini icmanın sədri Hacı Əzizağa Qəmbərov isə “Forum 18”ə açıqlamasında dini icmanın ləğv olunması barədə danışmaq istəmədiyini və hər şeyin müsbət şəkildə həll olunacağına ümid etdiyini bildirib.
Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov APA-ya bildirib ki, icmanın əsas fəaliyyəti İranda şiə təhsili almaq üçün ölkədə yaşayan gənclər arasında təbliğat aparmaqdan ibarətdir. Onun sözlərinə görə, Qazaxıstan xüsusi xidmət orqanları bu icmanın fəaliyyəti ilə bağlı da onunla danışıqlar aparıblar. Onlar ittifaqın rəhbərinə bildiriblər ki, dini icmanın təşəbbüsü ilə İrana dini təhsil almağa gedən şəxslər qayıtdıqdan sonra Qazaxıstanda yaşayan yəhudilərə qarşı təbliğat aparırlar. Vidadi Salahov qeyd edib ki, icmanın fəaliyyəti qeyri-qanunidir və bu qurum Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyib.
İcmanın sədri Əzizağa Qəmbərov isə APA-ya açıqlamasında təmsil etdiyi təşkilatın fəaliyyətinin dayandırılmasını belə əsaslandırıb: “Bizim binamız daha çox namaz qılmaq, Məhərrəm ayının keçirilməsi, ehsanların verilməsi üçün istifadə edilir. Qazaxıstanda məscidlərin təkrar qeydiyyatı zamanı biz də sənədlərimizi təqdim etdik. Bizə təklif etdilər ki, yerli sünni dini idarəsinə qoşulaq, lakin biz bundan imtina etdik. Daha sonra onlar sənədlərimizi qaytardılar və qeydiyyat üçün gec müraciət etdiyimizi və vaxtın başa çatdığını bildirdilər. Hazırda bizim 15 əməkdaşımız Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzində qeydiyyatdadırlar. Onların xətti ilə söylədiyim istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
İranla bağlı əlaqələrinə gəlincə Əbülfəz Qəmbərov bildirib ki, onların bu ölkə ilə heç bir əlaqələri yoxdur.