Bakı. Ramil Məmmədli – APA. “Elmi nailiyyətlərdən bütün bəşəriyyət istifadə etməlidir. Qərb isə bunun əleyhinədir və texnologiyaları inhisara almağa çalışır”.
APA-nın məlumata görə, bunu “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxış edən İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad deyib.
O bildirib ki, keçmişdə insanların ehtiyacları sadə olsa da, hazırda qarşılıqlı əməkdaşlığa və kommunikasiyaya tələbat artıb: “Bu gün insanlar bəzi təhdidlərdən qorxur. İnsanlar sülh şəraitində yaşamalıdırlar. Günü-gündən texnoloji nailiyyətlərdən istifadə edilərək insanlar bir-birinə hücumlar edirlər. Bu, yolverilməzdir və ixtilafa gətirib çıxara bilər. Ədalət və təhlükəsizlik məsələləri bütün bəşəriyyət tərəfindən qəbul edilsə də bu, ancaq insanların bir-birini anladıqdan sonra bərqərar ola bilər”.
M.Xürrəmşad qeyd edib ki, bütün dinlərin əsası eynidir, Adəmdən Məhəmməd peyğəmbərə qədər bir yol var: “İslamın əsasını sülh tutur. İslamdan, şiədən qorxmaq lazım və düzgün deyil”.