APA-nın məlumatına görə, səfərini müsbət qiymətləndirən M.Xürrəmşad deyib ki, İran hökumətinin mövqeyi Azərbaycanla əlaqələri inkişaf etdirməkdir: “Ümid edirəm ki, əlaqələrin inkişaf etdirilməsi iradəsi gücləndirilsin və kənar qüvvələr tərəfindən yaradılan problemlər həll olunacaq”.
Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu yüksək dəyərləndirən M.Xürrəmşad bildirib ki, tədbirdə imzalanan “Bakı Forumu”ndakı müddəaların icrasını sürətləndirmək çox mühümdür: “Sənəddə BMT-yə təklif olunub ki, dinlərin rəmzlərinin təhqir olunmasına qarşı sanksiyanın tətbiq olunması istiqamətində zəruri addımlar atılsın. Bütün dünya ölkələri, dini kimliklərinə hörmət edən dövlətlər bu məsələnin icraya yönəlməsinə xüsusi diqqət yetirməlidirlər. İslam ölkələri də bu məsələyə daha çox önəm verməlidirlər. Çünki zaman-zaman İslam peyğəmbəri və Qurani-Kərim təhqir olunur, rəmzlərə ehtiramsızlıq edilir”. M.Xürrəmşad bununla bağlı beynəlxalq konvensiyanın qəbulunu da zəruri sayıb: “Çünki belə hallar baş verəndən sonra sonu faciə ilə nəticələnən toqquşmalar baş verir. Təklif edirik ki, bu məsələdə inzibati resurslar da tətbiq olunsun”.