Bank Of Baku

İsrailli publisist Valeri Novoselski: “Azərbaycan Avropaya dinlərarası tolerantlıq dərsi keçə bilər” - FOTO - APA TV

İsrailli publisist Valeri Novoselski: “Azərbaycan Avropaya dinlərarası tolerantlıq dərsi keçə bilər” - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 02 sentyabr 2013 13:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Milli Tolerantlıq Mərkəzi” layihəsi çərçivəsində Bakıda səfərdə olan dünyanın müxtəlif ölkələrindən gələn və mədəniyyətlərarası, dinlərarası dialoq, tolerantlıq barədə müntəzəm araşdırmalar aparan ekspertlərdən ibarət qrupun iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli çıxış edərək bildirib ki, xarici ekspertlərin səfərinin əsas məqsədi Azərbaycanın tolerantlıq modeli ilə yaxından tanış olmaq, Bakıda və Azərbaycanın regionlarında müxtəlif dinlərin nümayəndələri ilə görüşlər keçirmək, həmçinin dövlət komitəsi tərəfindən tərtib edilmiş "Tolerantlığın İpək Yolu marşrutunda" yer alan və ölkənin çoxəsrlik tolerantlıq tarixini əks etdirən tarixi abidələri ziyarət etməkdir.

 

Ekspertlər “Tolerantlığın İpək Yolu marşrutu” üzrə xüsusi olaraq hazırlanmış avtobusla Qubada Qırmızı Qəsəbəni, Şamaxıda Cənubi Qafqazın ilk "Cümə" məscidini, Nicdə yerləşən Qafqaz Albaniyasının qədim kilsəsini, Şəkidə Qafqazın ilk kilsəsi olan Kiş kilsəsini, Oğuzdakı yəhudi sinaqoqlarını və digər abidələri ziyarət ediblər.

 

Ekspertlərdən israilli publisist Valeri Novoselski bildirib ki, o, müxtəlif mövzuları, o cümlədən dinlərarası məsələləri işıqlandırır: “Mən Azərbaycandakı tolerantlıq haqqında eşidib, oxumuşdum. Lakin bunu öz gözlərimlə görmək istədim. Qərb ölkələrində müxtəlif dinlərin və millətlərin nümayəndələri birlikdə yaşayırlar. Burada isə gördüm ki, Azərbaycan Avropaya dinlərarası tolerantlıq dərsi keçə bilər. Buradakı tolerantlıq o səviyyədədir ki, Avropa ölkələri buradan nümunə götürə bilərlər”.

 

Şahzadə Diananın şəxsi katibi olmuş Patrik Jefson isə Azərbaycanla bağlı məsələləri şəxsi bloqunda və ABC telekanalında işıqlandıracağını söyləyib: "Mən buradan evə gedəndə deyəcəyəm ki, Azərbaycan tolerantlıq sahəsində dünyanın yer üzündəki bir mirvarisidir. Azərbaycanda hara getməyimizdən asılı olmayaraq, bu birgəyaşayışı, tolerantlığı gördük. Adamlar nəinki birgə yaşayır, hətta birlikdə Tanrıya ibadət edirlər. Xristian olaraq mənim üçün maraqlı faktlardan biri budur ki, burada Alban-Udi kilsələri gözəl şəkildə qorunub saxlanır. Təkcə kilsələr qorunmur, bu mədəniyyətin davamı olaraq icma da fəaliyyət göstərir”.

 

İngiltərədən gələn Ömər Şahid isə deyib ki, bu cür tolerantlıq məkanı müasir dünyada çox unikal bir şeydir: “Ümid edirəm ki, bu mühit Azərbaycanda uzun müddət yaşayacaq. Britaniyadan fərq ondadır ki, Azərbaycanda müxtəlif dini icmalar çox sıx vəhdət halında yaşayırlar. Dini icmaların rəhbərlərinin də bir-biri ilə çox yaxşı şəxsi əlaqələri var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR