Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Respublikanın Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.
APA-nın cənub bürosunun xəbərinə görə, regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri, cənub rayonlarının icra strukturları, eləcə də QMİ Elmi-Dini Şurasının rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edir.
Əvvəlcə seminar iştirakçıları Lənkəran şəhərində Heydər Əliyevin adını daşıyan mərkəzdə onun abidəsi önünə əklil qoyub və Şəhidlər xiyabanını ziyarət ediblər.
Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Lənkərandakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkədəki dövlət-din münasibətlərindən danışıb.
E. İskəndərov çıxışında hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyllərinin artmaqda olduğunu deyib: “Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dövlət Komitəsi olaraq bu iş üçün hər cür şərait yaradırıq. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar”.
Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyllərindən də danışaraq qeyd edib ki, ölkədəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: “Ancaq inanırıq və əminik ki, dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər. Dini icmaların mütləq əksəriyyətinin dövlətçilik mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir”.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu konfrans sayca ikinci olsa da, sonuncu deyil: “İlk növbədə Dövlət Komitəsinə belə bir təşəbbüsü üçün bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu cür tədbirlər ölkə dindarlarının maarifləndirmə işində mühüm rol oynayacaq”.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə çıxışında qeyd edib ki, belə bir tədbirin təşkili ölkədə milli-mənəvi dəyərlərə verilən yüksək qiymət, dövlətin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.
Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndə iştirak edir.