Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda səfərdə olan Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl ur-Rəhmanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub. APA-nın xəbərinə görə, əvvəlcə Pakistan nümayəndə heyəti Təzəpir məscidinə baş çəkib. Burada onlara məscidin tarixi, dövlət başçısının tapşırığı ilə aparılmış yenidənqurma işləri barədə məlumat verilib.
Daha sonra Pakistan nümayəndə heyəti QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə tərəfindən qəbul edilib. Fəzl ur-Rəhmanın Azərbaycana SSRİ dönəmində də səfər etdiyini xatırladan A. Paşazadə, sonrakı dövrlərdə də onunla beynəlxalq tədbirlərdə, habelə Pakistana səfər zamanı görüşdüyünü bildirib: “Bizim Pakistanla yüksək səviyyəli əlaqələrimiz var və bu əlaqələr getdikcə inkişaf edir. Həmişə Azərbaycan və Pakistan bir-birlərinin səsinə səs veriblər”.
Azərbaycana səfəri zamanı bir çox dəyişikliklərin şahidi olduğunu vurğulayan Fəzl ur-Rəhman isə qeyd edib ki, həmişə Pakistan heyəti beynəlxalq konfranslarda Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyini, Azərbaycan isə Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyib və dəstəkləyəcək.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov ölkələr arasındakı dostluq əlaqələrinin digər ölkələrə nümunə ola biləcək səviyyədə olduğunu deyib. O, Pakistan kimi güclü və böyük islam dövlətinin uğurlarının Azərbaycanı sevindirdiyini söyləyib.
Görüşün sonunda Pakistan nümayəndə heyətinə QMİ sədri tərəfindən xatirə hədiyyəsi təqdim olunub.