Bakı. Fərid Mirzəyev – APA. Türkiyədə səfərdə olan Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ölkənin Diyanət İşləri (din işləri idarəsi) başqanı Mehmet Görməzlə görüşüb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı M. Görməz “Bir millət, iki dövlət” şüarının iki ölkə arasındakı münasibətləri çox gözəl ifadə etdiyini bildirib.
M. Görməz Türkiyə və Azərbaycan arasında siyasi, sosial, mədəni və digər sahələrdəki münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu dilə gətirib: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Hesab edirəm ki, dini qurumlar arasındakı münasibətlər dini və mədəni-mənəvi sahədə əlaqələri daha yüksək mərtəbələrə qaldıracaq”.
M. Görməz görüş zamanı Xocalı faciəsi haqda da fikirlərini söyləyib: “Xocalı soyqırımının 23-cü ildönümü arxada qaldı. Millətimiz bu faciənin ağrısını hələ də öz ürəklərində daşımaqdadır. Buna görə də, sizin səfəriniz bizim üçün son dərəcə əhəmiyyətlidir”.
M. Qurbanlı isə çıxışında Türkiyənin dini sahədə əldə etdiyi təcrübədən istifadə etməkdə maraqlı olduqlarını vurğulayıb: “Bizim hədəfimiz Azərbaycanda dini dəyərləri nəsildən nəslə yaşatmaqdır. Amma bizim ölkəmizə də kənardan bəzi ekstremist qrupların müdaxilə halları var. Biz bu radikallığa qarşı dini maariflənmənin tərəfdarıyıq. Artıq təhsil müəssisələrində dini təhsillə bağlı işlərə başlanıb və bu işlər mütəmadi olaraq davam etdiriləcək”.