İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib
# 22 iyul 2013 11:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib. Toplantı Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı təşkil olunub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin struktur bölmələri, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin son iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, Dövlət İnvestisiya Proqramının tam icra olunması, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici ölkələrə investisiya qoyuluşu, rəqabət qabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələrinin tikintisinin davam etdirilməsi, müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi və digər sahələrdə konkret tapşırıqlar verdiyini vurğulayıb.

Ş.Mustafayev dövlət başçısı tərəfindən meliorasiya tədbirlərinin, iri fermer təsərrüfatlarının və sənaye parklarının yaradılması istiqamətində işlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bu ilin sonunadək Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı üzrə işlərin tam başa çatdırılması və üçüncü regional dövlət proqramının hazırlanması və s. barədə müvafiq tapşırıqların verildiyini də diqqətə çatdırıb.

Nazir dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə Nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib.

Geniş kollegiya iclasında konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, növbəti iclasda müvafiq sahələrdə işlərin gedişi barədə hesabatların dinlənilməsi qərara alınıb.

İclasda həmçinin, İqtisadi İnkişaf Nazirliyinin əlaqədar qurumlarının rəhbərlərinin Azərbaycanın 2014-cü il və sonrakı 3 il üçün sosial-iqtisadi inkişaf konsepsiyasının və əsas makroiqtisadi proqnoz göstəricilərinin hazırlanmasına, Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyə əməl edilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair hesabatları dinlənilib. Kollegiya iclasında cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR