Qənirə Paşayeva: “Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması münaqişələrin həllindən asılıdır”

Qənirə Paşayeva: “Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması münaqişələrin həllindən asılıdır”
# 22 mart 2012 22:37 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Cənubi Qafqazda təhlükəsizlik mövzusu bizim üçün ən mühüm məsələdir. Qafqazda təhlükəsizliyin yaranması münaqişələrin həllindən keçir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflisdə Cənubi Qafqazda təhlükəsizliyə həsr olunan beynəlxalq konfransda iştirak edən Azərbaycanın Milli Məclisinin üzvü Qənirə Paşayeva jurnalistlərə açıqlamasında bildirib. “Biz konfrans iştirakçılarına bildirdik ki, Qafqazda təhlükəsizliyin yaranması münaqişələrin həllindən keçir. Cənubi Qafqazda ən böyük təhlükə Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni 20 ildir ki, işğal altında saxlamasıdır. Bu bütün beynəlxalq təşkilatların müxtəlif sənədlərində, BMT-nin qətnamələrində göstərilib. Ermənistan tərəfinin bu qətnamələrə baxmamağı və bu işğalı davam etdirməsi, nəticədə 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurduna qayıtmasına imkan verməməsi, torpaqlarımızı azad etməməyi onu göstərir ki, Ermənistan regionda təhlükəsizliyə ən böyük mane yaradan ölkədir. Abxaziyada və Cənubi Osetiya problemlərinin öz həllini tapmaması da təbii ki, Cənubi Qafqazda təhlükəsizliyin yaranmasına əngəllər törədən çox ciddi əngəllərdir. Biz konfransda vurğuladıq ki, Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün Ermənistan öz işğalçılıq siyasətini sona çatdırmalıdır. Yəni o işğal etdiyi Azərbaycan torpaqlarını azad etməli, məcburi köçkün və qaçqınların öz yurd-yuvalarına dönməsinə imkan verməlidir. Belə olmazsa, region daha da gərginləşəcək və partlamaq dərəcəsinə gələcək. Çünki bu münaqişələr uzun müddət davam edə bilməz. Çox təəssüf ki, Ermənistan xarici işlər nazirinin müavininin çıxışında biz münaqişənin həlli istiqamətində kompromisə meyilli bir ab-hava görmədik. Onlar öz radikal fikirlərini bu konfrans çərçivəsində də bildirdilər. Bizim nümayəndə heyəti də onların mənfi mövqeyini beynəlxalq təşkilatların nəzərinə çatdırdılar. Ermənilərin mövqeyi işğalçılıq siyasətinin davam etdirilməsidir. Bu mövqe münaqişələrin həllinə yönəldilməyib. Beynəlxalq təşkilatlar qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiqlərini artırmalıdır. Əgər beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində öz fəallığını artırmasa, regionda təhlükəsizliyin inkişafından söhbət gedə bilməz”, Paşayeva bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR