Vergilər naziri İSESCO-nun baş direktoru ilə görüşüb

Vergilər naziri İSESCO-nun baş direktoru ilə görüşüb
# 20 may 2015 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər naziri Fazil Məmmədov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam, təhsil, elm və mədəniyyət təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Bin Osman Əl-Tüveycrini qəbul edib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, F. Məmmədov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müxtəlif təşkilatları, o cümlədən ISESCO ilə sıx əməkdaşlıq etdiyini bildirib. İSESCO ilə münasibətlər isə 2006-cı ildən etibarən inkişaf etməkdədir və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri adına layiq görüldükdən sonra bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Humanitar sahədəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İƏT-nin Humanitar məsələlər üzrə xüsusi elçisi” diplomu təqdim edilib. İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Ə. Əl-Tüveycri 2006-cı ildən etibarən ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini və ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, İSESCO-nun bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edildiyini qeyd edən İSESCO-nun Baş direktoru ötən il İSESCO ilə Azərbaycan arasında 2015-ci ildə Bakıda İSESCO-nun 12-ci Baş Konfransının və 36-cı İcraiyyə Şurasının sessiyasının keçirilməsinə və Bakı şəhərində İSESCO-nun Regional Ofisinin yaradılmasına dair razılıq əldə olunduğunu da diqqətə çatdırıb. Mehriban Əliyevanın himayədarlığı ilə 2015-ci ilin may ayında bu təşkilatın Baş Qərargahında “Azərbaycan günləri”nin təşkili təşəbbüsü təşkilatın rəhbərliyi tərəfindən müsbət qarşılanıb, 2015-ci ildə Bakıda İSESCO-nun xoşməramlı səfirlərinin yığıncağının keçirilməsi də nəzərdə tutulub.

Baş direktor azərbaycanlı həmkarları ilə birgə beynəlxalq təşkilatlar səviyyəsində dünyada ilk dəfə olaraq ISESCO ASANDOC (ASAN DOCUMENT) portalının yaradılmasını və 2015-ci ilin son rübündə Bakı şəhərində 1-ci İSESCO Beynəlxalq İnnovasiya Forumunun təşkil edilməsi məsələsini də nəzərdən keçirdiklərini bildirərək, Azərbaycanda bu texnologiyanın tətbiqi prosesinin fəal iştirakçısı kimi Vergilər Nazirliyinin göstərə biləcəyi dəstəyin bu işə çox dəyərli bir töhfə olacağını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR