Amaliya Pənahova: “Akademik Milli Dram Teatrı həmişə mənim aktyorlarımı öz səhnəsinə aparıb, sonra məhv edib, işdən çıxarıb” - MÜSAHİBƏ - FOTOSESSİYA

Amaliya Pənahova: “Akademik Milli Dram Teatrı həmişə mənim aktyorlarımı öz səhnəsinə aparıb, sonra məhv edib, işdən çıxarıb” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 18 oktyabr 2013 14:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Amaliya Pənahovanın APA-ya müsahibəsi

- Amaliya xanım, Moskvadakı çəkilişdən yeni qayıtmısınız. Serial çəkilişləri nə yerdədir?

- Çəkilişlər normal davam edir. Bildiyiniz kimi “Jasmin” serialı “Mosfilm” studiyasının bazasında Rusiyanın ORT kanalının sifarişi ilə çəkilir. 200 seriyanın 63 seriyasında artıq çəkilmişik. Bu çəkilişlər mənim üçün çox maraqlıdır. Bakı Bələdiyyə Teatrının məndən savayı, dörd aktyoru da həmin serialda rol alıb. Serial türk və rus həyatından bəhs edir. Mənim üçün maraqlı mövzudur. Əvvəla, “Mosfilm”in ab-havası, oradakı işgüzarlıq, nizam-intizam məni cəlb elədi. Dekorlar yüksək səviyyədədir, professional şəkildə qurulub. Aynur adlı xanımın rolunu canlandırıram. Siz məni müxtəlif rollarda görmüsünüz. Bu serialda, oteldə çalışan xadimə rolunda çəkilmişəm. Serialda baş verən bütün hadisələr onun gözünün önündə cərəyan edir – otelin tarixini, faciələri xatırlayır, o hadisələrlə yaşayır. Serialı Ukrayna və Belarus kanalları da alıb, həmin ölkələrdə də nümayiş olunacaq. Vaxt edib özüm baxa bilməmişəm, amma iş haqqında müxtəlif fikirlər var.

- Maraqlıdır, serial təşkilatçıları niyə məhz Amaliya Pənahova və onun rəhbərlik etdiyi teatrın aktyorlarının üstündə dayandı?

- Bu haqda heç nə deyə bilmərəm. Bu məsələləri kastinq meneceri həll edib. Onlar bu işlərə bir qədər başqa cür yanaşırlar. Yəni, seçim işinə rejissor, demək olar, qarışmır. Bəlkə kimlərsə nə isə danışıb, çox söz deyə bilərlər. Əlbəttə, biz hamımız istəyirik filmə çəkilək. Bir az geniş ürəkli olmaq lazımdır.

- Hər halda, sizi “Mosfilm”ə aparan oradakı nizam-intizam və böyük seriala çəkilmək istəyindən savayı, həm də yaxşı qonorardır...

- Hər halda oradakı maddi məsələlər bizdəkindən artıqdır. Mən istəmirəm belə xırda şeylərdən danışaq. Gəlin, yaradıcılıq, mənim rollarım haqqında söhbət edək. Bir cümlə ilə cavab verim ki, orda sənətkara qiymət verirlər.

- Bizdə qiymət vermirlər?

- Bizim seriallar təzə-təzə çəkilməyə başlayıb və dövlət dəstəyi olmasa, iş görmək çətindir. Nə yaxşı, möhtərəm prezidentimizin fərmanı ilə serialların çəkilişinə vəsait ayrıldı. Amma bu maliyyə o qədər böyük deyil ki, aparıcı aktyorların ifası üçün onların layiq olduğu məbləğ verilsin. Xaricdə tanınmış aktyorların işinə layiqli maddi ödəniş olur. Bu baxımdan, əlbəttə, biz geri qalırıq. Elə seriallar var, çəkilib pul almamışam. Dediyim odur, xırdalanmaq istəmədim. Cüzi maddi ödənişin mənə köməkliyi olmayacaqdı, amma bu, serialın çəkilişinə dəstək olurdu. Bu o demək deyildi ki, seriala çəkilməyin çox böyük həvəsində idim, xahiş edəm, təki mənim çəkin, qonorar istəmirəm. Yox, burda söhbət dəstək olmaqdan gedir. Mən eşitmişdim, xaricdən gələn aktyorların bəziləri də təmənnasız çəkiliblər. Biz istəyirik, inkişaf olsun. İnkişaf olan yerdə maddi durum da düzəlir, səviyyə də yüksəlir. Bu mənada mən seriallara dəstək olmaq istədim. “Jasmin” serialına gələndə, mən öz haqqımı istədim, onlar da ödədilər. Yəni, mən öz professionallığımın, səviyyəmin, sənətimin qiymətini tələb elədim.

- Peşəkar aktrisa kimi yox, sıradan tamaşaçı kimi seriallara baxanda nə düşünürsünüz?

- Düşünürəm ki, bizim aktyorlar üçün əlavə qazanc yeri yaranıb. Orda gənc aktyorların istedadı və inkişafı görünür. Sözsüz ki, serialdan-seriala inkişaf da var. Bizə vaxt lazımdır ki, mövzuları çeşidləşdirək. Mövzu yalnız müasir olmasın, tarixə müraciət olunsun, böyük aktyorlarımız rol alsınlar. Bu gün aparıcı sənətkarlarımızı filmə çəkmək istəmirlər. Çünki maddi məsələ onların qarşısını kəsir, mane olur. Filmə cüzi vəsait ayrılırsa, aktyor öz haqqını tələb edəndə, təşkilatçıların buna imkanı çatmır. Ona görə də, tanınmayan, məşhur olmayan aktyorları çəkirlər, onlar həmin məbləğlə razılaşırlar. Arzu edirəm, iş adamları hökumətimizə, prezidentimizə dəstək dursunlar, maddi məsələ bir yana, artıq keyfiyyəti düşünsünlər. Biz çoxseriyalı tarixi filmlər çəkməliyik. Məsələn, istərdim, “Qılınc və qələm” romanına serial çəkilsin. Bu romandan 100 hissəli serial çəkmək olar. Yaxud, arzu edirəm, Natəvan haqqında film çəkilsin.

- Bilirəm, sizə bu sualı sizə çox veriblər, amma istərdim məsələyə bir də qayıdaq: bizim filmlər niyə pul gətirmir, niyə dünya ekranlarına satılmır?

- 70-ci illərdən etibarən bizim böyük filmlərimiz çəkildi və onlar artıq klassikaya çevrilib. Əlisəttar Atakişiyev kimi böyük sənətkarımız vardı. Rəssam, operator, rejissor, dramaturq idi. Ən gözəl uşaq filmlərini çəkirdi. Bilirsiniz, biz bu məktəbləri qırdıq, gənc nəsil yetişmədi və ortada boşluq yarandı. Korifeyə çevrilən sənətkarların yolunu davam etdirmədik. Təzə gələn gənclər bildiyini elədi, bildiyi səmtdə getdi və heç nə yaranmadı. Biz kökümüzə qayıtmalıyıq. Məsələn, Üzeyir Hacıbəyovun musiqisi... “Arşın mal alan”, “O olmasın, bu olsun” filmləri dünyanı gəzdi. Elə götürək, “Babək” filmini. Sovet dövründə Hindistandan qonaqlar gəlmişdi, dedilər, Rasim Balayevlə Amaliya Pənahovanın şəklini hündür mərtəbəli binanın hər iki tərəfindən asıblar. Dedim, şəklini çəkib gətirərdiniz, biz də baxardıq. (Gülür) Bu şərəflidir, bizim xəbərimiz yox idi bu işlərdən. İndi bizim gənclərimiz var ki, beynəlxalq səhnələrdə uğur qazanırlar. Amma bu, nadir hallarda olur. Bu yaxınlarda kinostudiyanın 90 illiyini, Azərbaycan teatrının 140 illiyini qeyd elədik. Kinostudiya təmir ərəfəsindədir, rəhbərlik dəyişib. Müşfiq Hətəmov çox istedadlı, müasir fikirli adamdır, gözəl ideyaları var. Onunla dəfələrlə söhbətlərimiz olub və fikirlərini bəyənirəm. Müşfiq Hətəmov gəncləri dəvət edir, onlara imkan yaradır ki, öz ideyalarını reallaşdırsınlar. Mənə elə gəlir, biz kino və teatrda olan problemləri köklü şəkildə araşdırmalıyıq. Gənclərimizi başqa studiyalara, teatrlara təcrübəyə göndərmək lazımdır. Onları xaricdə püxtələşdirmək daha yaxşıdır, nəinki xaricdən hazır rejissor gəlib kino çəkib, getsin. Bu, bizə heç nə vermir. Biz riskə getməliyik, pulumuza heyfslənməməliyik. Heç nə havayı olmur. Məsələn, elə teatrlar var, orda eksperiment aparmaq labüddür. Amma öz dəsti-xətti olan teatrların eksperiment eləmək ixtiyarı yoxdur!

- Məsələn, Akademik Milli Dram Teatrının eksperiment eləmək ixtiyarı yoxdur?

- Mənə elə gəlir, orda eksperimentlər aparmaq düzgün deyil. Eksperiment üçün opera studiyası və adi teatrlarımız var. Milli Dram Teatrının səhnəsinə eksperimentə yol verilsə, tamaşaçı oradan qaçar.

- Belə halla rastlaşmısınız?

- Olub, niyə olmayıb! Olub və nəticəsi göz qabağındadır: tamaşaçı qıtlığına gətirib çıxarıb. Tamaşaçı yaxşı tamaşaya gəlir. Səhnədə zəif tamaşa görəndə, fikirləşir ki, üç ildir teatra gəlmirəm, heç beş il də gəlmərəm. Bir neçə il əvvəl İngiltərədən bir tamaşa gəlmişdi. Həmin tamaşanı Musiqili Komediya Teatrının səhnəsində göstərdilər. Ailəvi gələn tamaşaçı zalı yarımçıq tərk etdi. Gəlin qaynananın yanında, yaxud qaynana kürəkənin yanında o tamaşaya baxa bilməzdi. Ola bilər, bu subyektiv yanaşmadır, amma illərlə qazandığım təcrübəyə əsasən bunu deyirəm. Ucuz səhnəciklərə, ucuz lətifələrə başqa səhnə lazımdır.

- Bakı Bələdiyyə Teatrının aktyorları başqa teatrlara keçmək istəyəndə, reaksiyanız necə olur?

- Mədəniyyət və İncəsənət Universitetində 20 ilə yaxın dərs dedim. İstedadlı gəncləri teatra cəlb elədim, onlar bu gün də çalışırlar. Mən onları qoruyuram, üfürə-üfürə saxlayıram. Təəssüf ki, məsələn, Akademik Milli Dram Teatrı həmişə istəyib ki, mənim aktyorlarımı öz səhnəsinə aparsın. Aparıblar da! Amma sonra məhv edib, işdən çıxarıblar. Həmin aktyorlar burda baş rollar oynayıblar, Milli Dram Teatrının səhnəsində isə onlara üçüncü-dördüncü dərəcəli rollar verirdilər, dolaşırdılar, intriqaya dözməyib çıxıb gedirdilər. Gənc aktrisalar bu cür hallarla üzləşiblər. Söhbət İsrafil İsrafilovun vaxtından getmir. Ondan qabaq da belə şeylər olub. İndi də eşidirəm ki, artıq maaşla onları aparmaq istəyirlər. Çünki Akademik Milli Dram Teatrının məvacibi 100% artımla verilir. Bu, haqsızlıqdır. Mən o vaxt qanun qəbul olunanda buna etirazımı bildirdim. Aktyor istedadlıdırsa, baş rolda çıxış edirsə, necə haqsızlıq etmək olar ki, orda ikiqat maaş alsın? Teatrların kateqoriyalara bölünməsi haqsızlıqdır. Kollektivdə çalışan aktyorlar arasında fərq qoymaq olar ki, bu istedadlı, enerjili, məsuliyyətli adamdır, ona görə artıq almalıdır. Rəhbər teatrın kateqoriyasından asılı olmayaraq, istedadlı aktyorun məvacibini artıqlaması ilə ödəməlidir. Yoxsa, teatr kateqoriyalara bölürsən ki, bu, birinci kateqoriya, bu, ikinci və s. Kateqoriyası olmayan teatrın məvacibi də lap zəif olur və başqa teatrlar başlayır pulla sənin aktyorlarını cəlb etməyə. Deməli, sən o teatrı məhv etmək istəyirsən? Çünki orda inkişaf var, ona görə?

- Deməli, bunu Bakı Bələdiyyə Teatrına da aid etmək olar...

- Bəli! Hətta Akademik Milli Dram Teatrının müdiri mənə demişdi ki, Amaliya xanım, sizin teatr laboratoriyadır da, siz yetişdirirsiniz, biz də aparırıq. Dedim, mən o vaxt razı olaram ki, sən onu bir az inkişaf etdirəsən, daha yüksəyə qaldırasan. Yoxsa sən onu məhv edirsən, istedadını öldürürsən, sonra da deyirsən, yaramadı. Onlar mənim yanımda güclüdürlər. Çünki mən, onların nazı ilə oynayıram. Dedim, elə etməyin, mən də soraq göndərim ki, bütün xalq artistlərini teatra dəvət edirəm. Görün, nə qədər xalq artisti gələcək! Getmək istəyən aktyorlara deyirəm, istəyirsiniz gedin, amma gözünüzün qabağına filankəsi-filankəsi gətirin. Teatr onsuz da, bağlanmayacaq, 21 ildir yaşayır, yenə yaşayacaq. Deyirəm, görün sizi orda yetişdirəcəklər? Aktyorlar deyir ki, bilirsiniz, Amaliya xanım, orda maaş artıqdır, ad verəcəklər, ev verəcəklər. Bələdiyyə Teatrına 10 ildir nə ad, nə ev verilir, nə binası var, nə də yurd yuvası... Həmişə deyirəm, dözürsünüz və bunlara baxmayaraq, bizim nailiyyətlərimiz var. Bizdə “Nadir şah”, “Əli və Nino”, “Dəli Domrul”, “Ölülər” var. Biz bütün bunları şəraitsizlikdə edirik. Görün, şəraitimiz olsa, nələr edərik!

- Sadaladığınız imtiyazlar nə vaxt Bakı Bələdiyyə Teatrında da olacaq?

- Maaşı deyə bilmərəm. Çünki maaşı dövlət verir. Teatr haqqında qanundakı boşluğa düzəliş etmək lazımdır. Baxmayaraq ki, həmin qanun qəbul olunanda mən də deputat idim, qanunun üzərində mən də işləmişəm. O vaxt da bu sözləri dedim, səsvermə olduğuna görə, tək qaldım. Bu qanunun qəbul olunmağında marağı olan adamlar var idi. Bir-iki nəfər mənim səsimə səs verdi. Təəssüf ki, bu qanun hələ də işləyir. Qaldı teatrın binasına, inanıram ki, yeni binamız olacaq. Təmirə və binaya ehtiyacı olan iki-üç qaçqın teatrlarımız qalıb, görünür, Bakı Bələdiyyə Teatrı da qaçqındır! (Gülür). Yəqin ki, pis günün ömrü az olar.

- Teatrın aktyorlarının əlavə işlə məşğul olmasına mane olmursunuz?

- Bir şərtlə mane olmuram ki, teatrın tamaşalarında problem yaranmasın. Onlar buna riayət edirlər. Əksinə, özüm şərait yaradıram ki, rollara çəkilsinlər, tanınsınlar. Bizdə ən yüksək maaşı xalq artistləri alır - 225 manat.

- Aktyorların toylara getməyinə necə baxırsınız?

- Bunun nəyi pisdir ki? Bəs aktyor nə ilə dolansın? Getsin, oğurluq eləsin? Daş daşısın? Axı, onları hamı tanıyır! Aktyorun toyda şeir deməyində pis nə var? Sənət adamları ancaq özləri ilə əlləşən adamlardır. Bu sənətdə çalışanlardan kimin torpağı, restoranı, daxması var ki, ordan qazanc əldə eləsin? Zaman gələcək, dövlətimiz, hökumətimiz də bu haqda düşünər ki, sənətkara bir balaca özəl nəsə versin, sənətkar öz yerinə adam qoysun, bir balaca qazanc əldə etsin. Onda sənətkar bir neçə yerə parçalanmaz. İndi tanınmış aktyorlar necə gedib daş daşısın, vaqon boşaltsın?

- Yeri gəlmişkən, Amaliya Pənahovanın biznesi və restoranı yoxdur ki?

- (Gülür) Əgər görmüsünüzsə, demək, var. Haradan ola bilər ki? Mən də o minlərdən biri. Həmişə eyni məvacibi almışam. Yoldaşım məşğul olurdu, kənar işi var idi, ona görə mənim dolanışığım orta səviyyədən bir az yüksək idi. Mən elmi işimi müdafiə elədim, dərs dedim, professorluğuma görə hələ məvacib almamışam.

- Azərbaycan səhnəsinin Natəvanı, Medeyası, Burla Xatunu, Məhsətisi olan Amaliya Pənahova dolanışıq qayğısı çəkir?

- Yox, deməzdim qayğı çəkirəm. Millət vəkilliyinə görə 80% təqaüd alıram, prezident təqaüdçüsüyəm, filmlərə çəkilirəm, teatr rəhbəri kimi maaş alıram... İnanın, şikayətçi deyiləm, bu günümə çox şükür! Amma istəyirəm elə olsun nəvəmin toyunu yüksək səviyyədə qeyd edim, onun evini ürəyim istəyən kimi bəzəyim...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR