Əmanətlərin Sığortalanması Fondu: Bu ilin III rübündə Azərbaycanda bank əmanətləri 4% artıb

 Əmanətlərin Sığortalanması Fondu: Bu ilin III rübündə Azərbaycanda bank əmanətləri 4% artıb
# 29 oktyabr 2013 13:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 2013-cü ilin III rübün nəticələrini müzakirə edib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, bu ilin iyul-sentyabr aylarında fiziki şəxslərin cəmi əmanətləri 3,8% artaraq 5 831 mln. manata çatıb.

Fiziki şəxslərin cəmi əmanətlərinin 34%-ni qorunmayan əmanətlər, 66%-ni isə qorunan əmanətlər təşkil edir. Kompensasiya olunan əmanətlər əvvəlki rüblə müqayisədə 5,0% artaraq 1 904 mln. manat olub ki, bu da qorunan əmanətlərin 47,5%-ni təşkil edir. Qorunan əmanətlərin 59%-i manat, 37%-i ABŞ dolları, 4%-i isə avronun payına düşür.

Üzv banklar tərəfindən 5 306 497 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 899 375 nəfəri (93%) vəsaitləri qorunan əmanətçilərdir.

Hazırda Fondun sığorta ehtiyatları 64,7 mln. manat, cəmi aktivləri isə 66,9 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 58 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,4 % təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti isə «Deutsche Asset & Wealth Management International» şirkəti vasitəsi ilə idarə olunur.

Xatırladaq ki, bu ilin avqustun 1-dən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-ə endirilib. Avqustun 1-dən etibarən üzv banklarda illik 10%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir. Hər bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR