Xəzər İbrahim: “Azərbaycan NATO-nun təklif etdiyi əməkdaşlıq mexanizmlərindən faydalanmağa davam edəcək”

Xəzər İbrahim: “Azərbaycan NATO-nun təklif etdiyi əməkdaşlıq mexanizmlərindən faydalanmağa davam edəcək”
# 30 iyun 2016 11:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahimin APA-ya müsahibəsi

- Azərbaycan-NATO əməkdaşlığının hazırki səviyyəsini necə qiymətləndirirsiz?

- Bildiyiniz kimi, Azərbaycan-NATO əməkdaşlığının məzmunlu əsası 1994-cü ildə Heydər Əliyev tərəfindən Sülh naminə Tərəfdaşlıq sənədinə imza atılmaqla qoyulub. Bu əməkdaşlıq keçən 22 il ərzində inkişaf edərək genişlənmiş və məzmunca dərinləşib. Azərbaycan NATO tərəfindən etibarlı və sadiq tərəfdaş olaraq tanınır və bu, müxtəlif formatlarda dəfələrlə qeyd edilib.

Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoq, NATO-nun apardığı əməliyyatlarda iştirak, müdafiə sahəsində uyarlılığın inkişaf etdirilməsi üzrə fəaliyyət, yüngül və atıcı silahların məhv edilməsi, eləcə də minaların təmizlənməsi ilə bağlı etimad fondları üzrə əməkdaşlıq, meydana gələn təhlükəsizlik çağırışları, mülki fövqəladə planlaşdırma, ictimai diplomatiya kimi sahələri əhatə edir.

Hər il Azərbaycan ilə NATO arasında müxtəlif format və səviyyələrdə müntəzəm siyasi məsləhətləşmələr həyata keçirilir, yüksək səviyyəli görüş və səfərlər təşkil edilir. Hazırda Azərbaycan NATO-nun başçılıq etdiyi və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirakını davam etdirir. Eləcə də Azərbaycan “Qətiyyətli Dəstək” missiyası bitdikdən sonra NATO-nun Əfqanıstanda təsis olunacaq və mülki şəxsin rəhbərlik edəcək missiyasına qoşulmaq üzrə prinsipial razılığını bildirib.

Azərbaycanla NATO arasında tərəfdaşlığın digər mühüm istiqaməti olan praktiki əməkdaşlıq ötən illər ərzində uğurla davam etdirilib. Qeyd edim ki, təkcə 2015-ci il ərzində NATO çərçivəsində keçirilən 200-ə yaxın tədbirdə Azərbaycanın çoxsaylı hərbi və mülki nümayəndəsi iştirak edib və Alyansın Fərdi Tərəfdaşlıq Əməkdaşlıq proqramından faydalanıblar.

Hal-hazırda Azərbaycanın 10 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. Bu xüsusda Azərbaycan tərəfdaş ölkələr arasında birinci sıradadır. Buna əlavə olaraq, 2009-cu ildən etibarən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndələri NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab üzrə Əlaqələndirmə Mərkəzində Könüllü Milli Töhfə qismində xidmət edirlər.

- NATO və Azərbaycan arasındakı siyasi dialoq çərçivəsində hər hansı qarşılıqlı səfərlər gözlənilir?

- Daha öncə qeyd etdiyim kimi, siyasi dialoq Azərbaycan - NATO tərəfdaşlığının əsas istiqamətlərindən birini təşkil edir və bu mənada əməkdaşlıq uğurla davam etməkdədir. Hər il müxtəlif format və səviyyələrdə siyasi məsləhətləşmələr həyata keçirilir, qarşılıqlı yüksək səviyyəli səfər, görüşlər təşkil edilir və bu zaman tərəfdaşlıq siyasəti, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi və s. kimi qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Bildiyiniz kimi, bu ilin fevral ayında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana səfər edib, ölkəmizin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib. Həmçinin, bu ilin may ayında Azərbaycanın xarici işlər naziri NATO-ya səfər edib, alyansın baş katibi ilə görüşüb, NATO-nun mənzil qərargahında keçirilən Azərbaycan-NATO iclasında çıxış edib. Görüşlər zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib, Azərbaycan - NATO tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub. Təbii ki, bu kimi yüksək səviyyəli səfərlər həm bu il, həm də qarşıdan gələn illər ərzində davam etdiriləcək və ümumilikdə qarşılıqlı əməkdaşlığın inkişafına töhfəsini verəcək.

- Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının icrası ilə bağlı vəziyyət necədir? Azərbaycan tərəfinin planın icra olunması vəziyyəti NATO-nu qane edirmi? NATO Azərbaycanla daha hansı proqramları icra edir, yeni proqramların icrası gözlənilirmi?

- Öncə qeyd edim ki, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) tərəfdaşlara NATO ilə əməkdaşlığa daxil olan müxtəlif sahələr üzrə islahatların aparılması və əməkdaşlığın inkişaf etdirilməsi imkanı verir. Tərəfdaş ölkə alyansla əməkdaşlığının bu və ya digər sahələri üzrə öhdəliklər götürür, prioritetlərini müəyyən edir, bu məqsədlərə nail olmaq üçün NATO-nun təklif etdiyi tərəfdaşlıq mexanizmlərindən faydalanır və üzv və tərəfdaş ölkələrlə əməkdaşlıq həyata keçirir.

Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) Azərbaycan və NATO arasında əsas sənəd hesab olunur və ölkəmizin milli maraqları nəzərə alınaraq tərtib edilib. İki illik əsasda tərtib olunan bu Plan Azərbaycan və NATO arasında siyasi dialoqdan tutmuş müdafiə və təhlükəsizlik sahəsində islahatlara kimi müxtəlif sahələri əhatə edir. Azərbaycan FTƏP prosesinə 2004-cü ildən qoşulub. İndiyədək NATO ilə 2005-2007, 2008-2010 və 2012-2013-cü illəri əhatə edən 3 dövr üzrə əməkdaşlıq edilib və hazırda 2015-2016-cı illəri əhatə edən dördüncü dövr FTƏP sənədi həyata keçirilməkdədir.

Hər il götürülən öhdəliklərin icrasını dəyərləndirmək məqsədilə milli səviyyədə və NATO ekspertləri tərəfindən qiymətləndirmələr həyata keçirilir. Qeyd edim ki, əksər hallarda bu qiymətləndirmələr üst-üstə düşür.

Azərbaycan Sülh naminə Tərəfdaşlıq üzrə Çərçivə Sənədindən irəli gələrək FTƏP-dən savayı, fəal surətdə NATO-nun Planlaşdırma və Analiz Prosesi (PAP), Fərdi Tərəfdaşlıq Əməkdaşlıq Proqramı və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak edir. PAP proqramı hərbi islahatlar, təlim və təhsil, standartların tətbiqi, NATO qüvvələrinin iştirakı ilə beynəlxalq əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməklə tərəfdaşlara yardımın göstərilməsini nəzərdə tutur. PAP prosesinin tamamlanması və NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Azərbaycan Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramının treninq, qiymətləndirmə və rəy alətlərindən istifadə etməyə davam edir.

Fərdi Tərəfdaşlıq Əməkdaşlıq Proqramı isə NATO-ya üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən, təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin, ekspert müzakirələrini nəzərdə tutan tədbirlərdə iştiraka şərait yaradır.

- Azərbaycan sülhməramlıları Əfqanıstanda missiyanı davam etdirirlər. ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başladığını nəzərə alsaq, Azərbaycan hərbçilərinin missiyasının başa çatması ilə bağlı hər hansı təklif, fikir və müzakirələr varmı? Belə fikirlər də var ki, NATO qoşunlarını çıxarandan sonra da Azərbaycan hərbçiləri Əfqanıstanda qala bilər. Bu nə dərəcə realdır?

- Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən və yerləşdiyi regiona yaxın bölgələrdə baş verən proseslərə adekvat mövqe nümayiş etdirən bir ölkə kimi ilk illərdən NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatında sonadək iştirak edib. Ölkəmiz hazırda NATO-nun rəhbərliyi altında 2015-ci ilin əvvəlindən etibarən Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında da iştirakını davam etdirir. Belə ki, Azərbaycan bu missiyada təmsil olunan 13 qeyri - NATO tərəfdaş ölkəsindən biridir.

Hazırda Azərbaycanın 94 nəfərlik hərbi heyəti “Qətiyyətli Dəstək” tərkibində xidmət edir. Azərbaycan hərbçiləri Türkiyənin Komandanlığı altında Kabil Beynəlxalq Hava Limanının mühafizəsinə məsuldur.

Azərbaycan prezidenti Çikaqo və Uels sammitlərində və NATO mənzil qərargahına səfəri zamanı Azərbaycanın Əfqanıstana dəstəyinin davam edəcəyini bəyan edib. Bu dəstəyin əsas elementlərini “Qətiyyətli Dəstək” missiyasına hərbi qüvvə töhfəsi, mülki təlim, tranzit və Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin maliyyə təminatı təşkil edir.

“Qətiyyətli Dəstək” missiyasının tamamlanmasından sonra NATO-nun Əfqanıstanda mülki şəxs tərəfindən rəhbərlik ediləcək müvəqqəti təmsilçiliyinin təsis olunması nəzərdə tutulur. Azərbaycan sözügedən missiyaya qoşulmaq üzrə prinsipial razılığını bildirib.

- NATO-Azərbaycan əlaqələrinin perspektivlərini necə dəyərləndirirsiniz?

- Azərbaycan milli maraqlarımız əsasında NATO-nun təklif etdiyi mümkün əməkdaşlıq mexanizmlərindən faydalanmağa, alyansla hazırkı çoxsahəli əməkdaşlığını inkişaf etdirməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR