Nazir: "Azərbaycan və EBRD Ələtdə azad ticarət zonasının təşkilində əməkdaşlıq edə bilər"

Nazir: "Azərbaycan və EBRD Ələtdə azad ticarət zonasının təşkilində əməkdaşlıq edə bilər"
# 24 may 2016 15:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) Azərbaycandan müdir Şahin Mustafayev ölkəmizdə səfərdə olan EBRD prezidenti Suma Çakrabarti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Ş. Mustafayev qeyd edib ki, Azərbaycan bankla əlaqələrə böyük önəm verir: "Azərbaycan EBRD-nin dövlət və özəl sektorun inkişafına göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirir. Beynəlxalq maliyyə institutları, o cümlədən, bankla birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. İndiyədək EBRD tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 milyard dollar məbləğində kredit ayrılıb. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, nəqliyyat sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, özəl şirkətlərə birbaşa kredit ayrılması və sair kimi sahələri əhatə edir".

Azərbaycan və EBRD arasında korporativ idarəetmə, infrastruktur, özəl sektor və sair sahələrdə əməkdaşlığın davam etdiyini qeyd edən Ş. Mustafayev Cənub Qaz Dəhlizinin önəmli hissələrindən olan TANAP layihəsi, eləcə də tranzit sahəsində bankla əməkdaşlıq imkanlarını vurğulayıb.

Hazırda Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür. Nazir ilkin mərhələdə texniki dəstək olmaqla bu sahədə EBRD ilə əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.

Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib və vurğulayıb ki, sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyaların və icazələrin sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilib, Apelyasiya Şuraları yaradılmış, maliyyə bazarlarına nəzarət gücləndirilib, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bütün bunlar isə özəl sektorla EBRD arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır.

Təkcə ötən 2015-ci ildə EBRD-nin Azərbaycanda 9 layihəyə maliyyə dəstəyi göstərildiyini vurğulayan S. Çakrabarti infrastruktur, turizm, xüsusi iqtisadi zonaların yaradılması sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR