Səfir: Növbəti tədris ilində Fransız-Azərbaycan Universitetində tədris yeni binada təşkil ediləcək

Səfir: Növbəti tədris ilində Fransız-Azərbaycan Universitetində tədris yeni binada təşkil  ediləcək
# 15 sentyabr 2016 09:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Növbəti tədris ilində Fransız –Azərbaycan Universitetində (UFAZ) tədris əsaslı təmir olunmuş yeni binada təşkil ediləcək. APA-nın xəbərinə görə, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Fransız-Azərbaycan Universitetinin açılışında bildirib ki, UFAZ-da Fransadan gələn müəllimlər də öz biliklərini bölüşəcəklər. Onun sözlərinə görə, yeni universitetinin açılışı Azərbaycanda iqtisadi inkişafa və xarici investisiyanın cəlb olunmasına töhfə verəcək: “UFAZ layihəsi təhsil sahəsində yüksək əməkdaşlığın və Fransa-Azərbaycan münasibətlərinin səviyyəsini göstərir. Bu universitetin yaradılması ilə hər iki ölkə gözəl bir layihəyə başlayır. Bu layihə Azərbaycan və Fransa prezidentlərinin istəyi və razılığı nəticəsində ərsəyə gəlib”.

Təhsil naziri Mikayıl Cabbarov isə qeyd edib ki, UFAZ layihəsinin həyata keçirilməsi üçün hər iki yüksək brendə və təhsilə malik olan universitetləri seçilib. Onun sözlərinə görə, UFAZ-ın yaradılması iki ölkənin ali təhsil sisteminin uğurlu layihəsidir: “Bu layihənin vaxtında və keyfiyyətlə gerçəkləşməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd etmək istəyirəm. İnanırıq ki, UFAZ yaxın gələcəkdə regionun sayılıb-seçilən məktəblərindən birinə çevriləcək. Növbəti illərdə UFAZ layihəsinin genişləndirilməsini, yeni ixtisasların açılacağını mümkün hesab edirik”.

Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Marian Brünhof isə vurğulayıb ki, UFAZ-ın məzunları gələcəkdə Azərbaycanın sosial-iqtisadi həyatının əsas iştirakçısı olacaqlar. Bu layihənin ərsəyə gətirilməsi üçün 1,5 il ərzində işlərin aparıldığını deyən M.Brünhof qeyd edib ki, bu ali məktəbin məzunları hər iki ölkənin gələcək inkişafına öz töhfələrini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR