«Unibank» smartfon sahiblərinə yeni proqram təklif edir

«Unibank» smartfon sahiblərinə yeni proqram təklif edir
# 24 avqust 2012 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «Android» platformasında olan smartfon və planşet sahibləri üçün yeni mobil əlavəni işə salıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «İnfoUnibank» adlı bu mobil proqramın istifadəçiləri artıq banka gəlmədən onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə etmək, ən yaxın ödəmə məntəqəsini tapmaq, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlarından on-line ödəniş apara bilər.

«Android» bazasında qurulan bu proqramın funksionallığı və interfeysi «Unibank»ın ən yaxın filial, şöbə və ya bankomatını asanlıqla tapmağa imkan verir. Bundan başqa, hər bir müştəri bank xəbərləri, kredit və depozit kalkulyatorları, valyuta mübadiləsi məzənnələrindən istifadə edə bilər. «İnfoUnibank» vasitəsi ilə bankın telefon mərkəzinə zəng etmək və on-line məsləhət almaq olar. Proqram üç dildə (Azərbaycan, ingilis və rus dillərində) həm on-line, həm də off-line rejimində işləyir.

Qeyd edək ki, «Android» platformasında olan mobil telefonlar üçün «İnfoUnibank» əlavəsini artıq məşhur «Google Play» proqram təminatı üzrə internet-mağazasından pulsuz yükləmək olar (http://bit.ly/TWCFva).

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR