Millət vəkili Qənirə Paşayevanın “Turan” və “Əlvida” albomlarının təqdimatı keçirilib - FOTOSESSİYA

Millət vəkili Qənirə Paşayevanın “Turan” və “Əlvida” albomlarının təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 27 iyul 2012 08:52 (UTC +04:00)
Bakı – APA. Bakıda millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnı və kompozisiyalardan ibarət 2 albomunun təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, vətənpərvərlik mahnılarının toplandığı “Turan” albomunda 8 mahnı yer alıb. 16 mahnıdan ibarət ikinci albom isə “Əlvida...” adlanır.

Təqdimat mərasimində millət vəkilləri, bir sıra şirkət rəhbərləri, müğənnilər, bəstəkarlar, ziyalılar, media və ictimaiyyətin bir sıra nümayəndələri iştirak edib. Tədbiri açıq elan edən Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva bildirib ki, hər iki albomun satışından gələn gəlir xeyriyyə məqsədlərinə sərf olunacaq.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, xeyriyyə aksiyası şəklində keçirilən təqdimat mərasimi zamanı albomların satışından əldə olunacaq bütün vəsait tədbirin sonunda görmə qabiliyyətini itirmiş iki istedadlı gəncə - Zeynəb və Mehmana təqdim olunacaq: “Bu gənclər digər həmyaşıdlarından heç nə ilə fərqlənmir, mən deyərdim ki, bunlar dünyanı daha doğru və düzgün dərk etmək qabiliyyətinə malikdirlər. Zeynəb çox gözəl şeirlər yazır, Mehmanın isə çox gözəl səsi var. Həmçinin burda digər bir gəncimiz də var. Onun da adını çəkmək istəyirəm. Murad çox istedadlı bir gəncdir. Mən inanıram ki, onların çox parlaq bir gələcəyi olacaq. Media nümayəndələrindən bu istedadlı gənclərin tanıdılmasında müəyyən mümkün addımların atılmasını istərdim”.

Millət vəkili Ceyhun Osmanlı bu cür xeyriyyə aksiyalarının mütəmadi olaraq keçirilməsinin zəruriliyini bildirib: “Mən də öz tərəfimdən bir dəstək olaraq Zeynəb qızımızın kitabını və ya diskinin çıxarılmasını öz üzərimə götürürəm “.

Qardaş Türkiyədən gəlmiş dəyərli sənətçi Nursaç Doğanişıq Azərbaycana Qənirə Paşayeva tərəfindən dəvət aldığını deyib: “Dəvət aldığım andaca qərar verdim ki, mütləq Azərbaycana gələcəm. Burda olduğum üçün çox qürur duyuram”. Daha sonra Nursaç xanım bir neçə mahnı ifa edib.

Bəstəkar Aygün Səmədzadə Qənirə Paşayevanı uğurlu təqdimat mərasimi münasibətilə təbrik edib: “Hər iki albomda yer alan şeirlər Qənirə xanımın bir incisidir. Bu işdə bizim də bir qatqımız və əməyimiz varsa, bundan yalnız qürur duymaq olar”.

Albomda öz ifası ilə yer alan hər bir müğənni - Eyyub Yaqubov, Lalə Məmmədova, Elza Seyidcahan, Ayaz Qasımov, Vüsal Hacıyev öz ürək sözlərini musiqilərlə təqdim edib.

Müğənnilərin təbrik və ifalarından sonra hər üç gənc öz istedadını gələn qonaqlara nümayiş etdirib. Zeynəb özünün bir neçə şeirini oxuyub, Murad və Mehman isə öz ifalarını səsləndirib.

Təqdimat mərasiminin sonunda hər iki albomdan əldə olunan vəsait iki gənc arasında bölüşdürülüb. Hər 3 gəncin klipinin çəkilməsi və albomlarının buraxılmasını Qənirə xanımın müraciətinə cavab olaraq dostları öz üzərlərinə götürüblər.

Qeyd edək ki, tədbirdə millət vəkilləri Jalə Əliyeva, Leyla Abdullayeva, Avropa Qəzetçilər Birliyinin başqanı Adnan Fişəng də iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR