Rusiya və Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək

Rusiya və Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək
# 08 oktyabr 2012 14:25 (UTC +04:00)
Bakı – APA. Moskvada Rusiya və Azərbaycanın veteran futbolçularından ibarət yığmalar arasında yoldaşlıq görüşü keçiriləcək. Bu barədə apasport.az saytına Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov məlumat verib.

O bildirib ki, həmin qarşılaşma əsas yığmaların 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki oyun günü – oktyabrın 16-da, özü də “Lujniki” stadionunda baş tutacaq.

“Matçı günorta saatlarında – saat 2-3 radələrində başlayacaq. “Lujniki”də 4-5 meydança var ki, veteranlar onların birində üzləşəcək. Oyunu keçirmək təşəbbüsü qarşılıqlı oldu. Biz 4-5 ay öncə Moskvaya səfərimiz zamanı belə qərara gəldik ki, Rusiya ilə Azərbaycan yığmaları oynadığı zamanı onlar bizi, gələn ilin oktyabrında Bakıdakı matç zamanı biz onları qəbul edək. Təbii ki, biz Moskvaya AFFA-nın suvenirlərini, atributları aparacağıq. Həmin gün Moskvada futbol bayramı olacaq və veteranlar öz oyunlarından sonra “Lujniki”də yığmaların matçını izləyəcək” – deyə, Rəhimov vurğulayıb.

Komandamız Moskvaya oktyabrın 14-də yollanacaq ki, heyətdə 14 futbolçu olacaq. Amma Rəhimov Rusiyaya 1 gün öncə gedəcək: “Bu da təşkilatı işlərlə bağlıdır. Biz qarşı tərəflə telefonla mütəmadi danışıb, bir çox məsələləri razılaşdırmışıq. Ancaq bəzi məsələlər var ki, onları yerində həll edəcəyik. Veteranlar “İzmaylovo” otelində qalacaq. Onlar milli komandamızla birgə səfərə çıxacaqlar. Bizim heyətdə Hüseyn Məhəmmədov, Aslan Kərimov, Arif Əsədov, Şahin Diniyev, Samir Ələkbərov və digər futbolçular olacaq. Əsasən cavan veteranlardır. Ən yaşlısı Səməd Qurbanovdur. Baş məşqçimiz Şamil Heydərovdur. Ruslarda Renat Dasayev, Aleksandr Prudnikov, Sergey Qorlukoviç, Yuri Kovtun var. Ola bilsin ki, Vagiz Xidyatullin oldu”.

Veteran hakim oyunu gənc həmkarının birinin idarə etməyini daha məqsədəuyğun sayır: “Hakim mən, yaxud rusiyalılardan veteran hakimlərdən Andrey Butenko, Aleksey Spirindən biri olardı. Ancaq qoy indiki hakimlərdən biri idarəçilik etsin. Hər halda, bu, yoldaşlıq görüşdür. Böyük futbolda olduğu kimi, 11 nəfər meydança olacaq. Sadəcə, veteranların oynadığı nəzərə alaraq, yəqin ki, hər hissə 35-40 dəqiqə davam edər. Onlara 45 dəqiqə oynamaq ağır olar. Üstəlik, hava şəraitini də nəzərə almaq lazımdır. Hazırda Moskvada yağış yağır. Bu kimi amilləri nəzərə alaraq, detalları sonradan dəqiqləşdiriləcək”.

Mehman SÜLEYMANOV
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR