Azərbaycan boksçusu dünya birinciliyində ermənistanlı rəqibini məğlub edib

Azərbaycan boksçusu dünya birinciliyində ermənistanlı rəqibini məğlub edib
# 10 sentyabr 2013 13:13 (UTC +04:00)

Bakı – APA. Ukraynanın paytaxtı Kiyevdə yeniyetmə boksçular arasında keçirilən dünya birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycanın 5 üzvü rinqə çıxıb.


80 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydınla dueldən qalib ayrılıb – 3:0 (29:28, 29:28, 29:28). Mehdiyev 1/8 finalda litvalı Amoldas Taraskeviçusla qarşılaşacaq.

Elcan Qafarlı da (48 kq) dünya birinciliyində ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz Filippin nümayəndəsi Hipolito Banalı mübarizədən kənarlaşdırıb - 3:0. Həmyerlimiz 1/8 finalda avstraliyalı Ceyms Biazli ilə üz-üzə gələcək.

Ümid Rüstəmov da (50 kq) komanda yoldaşlarının uğurunu davam etdirib. Millimizin üzvü Varinder Sinqh üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim Rüstəmovun qələbəsini qeydə alıb – 30:27, 29:28, 30:27. Azərbaycan boksçusu 1/8 finalda macarıstanlı David Kovaçla görüşəcək.

Rövşən Musayev də yarışa qələbə ilə başlayanlar arasındadır. 66 kq çəki dərəcəsindəki təmsilçimiz yeni zelandiyalı Rayan Skeiflə döyüşdə heç bir çətinlik çəkməyib – 30:26, 30:26, 30:27. Musayev 1/8 finalda İrlandiya idmançısı Levis Audli ilə münasibətlərini aydınlaşdıracaq.

Hüseyn Tarverdilinin (70 kq) dünya birinciliyindəki ilk görüşü isə daha əlamətdar olub. O, Ermənistan boksçusu Vardan Kosyan üzərində inamlı qələbə qazanıb – 3:0 (30:27, 30:27, 29:28). Boksçumuzu 1/8 finalda Bosniya və Hersoqovina nümayəndəsi Sandro Poletan gözləyir.

Yarışın ikinci günündə milli komandamızın üzvlərindən yalnız Pərviz Quliyev (57 kq) mübarizəni dayandırıb. Həmyerlimizin özbəkistanlı Boburmirzo Tolibovla döyüşü bərabər keçsə də, hakimlər qələbəni rəqib idmançıya veriblər – 1:2.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR