Azərbaycan Dövlət Neft Fondu bu il valyuta məzənnələrinin dəyişməsindən 100 mln. dollar qazanıb

Azərbaycan Dövlət Neft Fondu bu il valyuta məzənnələrinin dəyişməsindən 100 mln. dollar qazanıb
# 22 oktyabr 2012 12:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, bu ilin ilk 9 ayında Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 636,0 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 9 625,7 mln. manat, tranzit gəlirləri 5,7 mln. manat, bonus ödənişləri 1,6 mln. manat, akrhesabı ödənişlər 2,8 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən gəlirlər 0,2 mln. manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 440,4 mln. manata bərabər olub, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 79,3 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 7 038,4 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 251,1 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 115,1 mln. manat vəsait ayrılıb. «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin maliyyələşdirilməsinə Fonddan 97,0 mln. manat vəsait ayrılıb, 8,3 mln. manat isə «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. Fondun idarə edilməsi ilə bağlı xərclər isə 21,1 mln. manat təşkil edib.

Cari ilin oktyabrın 1-nə ARDNF-in aktivləri ilin əvvəlinə nisbətən 11,4% artaraq 33 192,4 mln. ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, bu ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və oktyabrın 1-dək alınmış qızılın miqdarı 10 891 kq (350 146 troya unsiyası) təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR