Filip Qotye: “Fransa şirkətləri Azərbaycana bir çox sahədə qabaqcıl texnologiyalar təqdim edə bilər”

Filip Qotye: “Fransa şirkətləri Azərbaycana bir çox sahədə qabaqcıl texnologiyalar təqdim edə bilər”
# 14 may 2015 09:34 (UTC +04:00)

Paris. Fuad Qulubəyli - APA. “Son illər ərzində Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması sahəsində aparılan böyük dəyişiklikləri, əlavə dəyərin istehsal keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini müşahidə etməkdəyik”.

Bunu APA-ya açıqlamasında Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş II “Fransa-Azərbaycan 2015” biznes forumunda iştirak edən MEDEF İnternational (fransız şirkətlərinin cəmləşdiyi əsas qurum) təşkilatının icraçı direktoru Filip Qotye deyib.

F. Qotye bildirib ki, fransız şirkətləri hələ 1992-93 illərdən Azərbaycana maraq göstəriblər: “Bu gün isə zəngin və dayanaqlı bir ölkəyə çevrilmiş Azərbaycanın qurmaq istədiyi gələcəyə, özəl sektora münasibətdə apardığı siyasətə dair çox aydın bir təsəvvür yaratmaq istəyirik. Ölkəniz öz insan kapitalına yatırımlar qoyur, bu da hazırda daha çox neft və qaz üzərində qurulmuş iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca vacibdir. Son illər ərzində Azərbaycanda ölkə əhalisinin rifahının yaxşılaşdırılması sahəsində aparılan böyük dəyişiklikləri, əlavə dəyərin istehsal keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini də müşahidə etməkdəyik. Hesab edirəm ki, bu kimi məsələlərdə Fransa şirkətlərinin də təklifləri ölkənin istəklərinə tam şəkildə uyğun gəlir. Bundan başqa, azərbaycanlı dostlarımızın da Fransada bizim şirkətlərlə iş imkanları bizim üçün maraqlıdır. 50-yə yaxın şirkətdən ibarət təşkilatımızın nümayəndələrinin bu ilin sonu və ya gələn ili əvvəlində Azərbaycana səfəri nəzərdə tutulub. Azərbaycanla bağlı bir neçə layihə üzərində işləyirik, amma hələlik bu haqda danışmaq tezdir. Biz bu işlərimizi əsas tərəfdaşımız olan “AzPromo” ilə birgə həyata keçiririk”.

F. Qotye qeyd edib ki, Fransa həm də kənd təsərrüfatı ölkəsidir və yeyinti sənayesi ilə tanınır: “Düşünürəm ki, Azərbaycan kənd təsərrüfatının məhsuldarlığı, qida məhsullarının istehsalı sahələrində bir çox irəliləyişlərə nail ola bilər. Bu sahələrdə ən yaxşı və yeni texnologiyaları Fransada tapmaq mümkündür. Fransada bu sahələrdə dünya liderinə çevrilmiş, dünyada bilik və bacarıqları ilə seçilən şirkətlər var. Bu məsələlərdə də çox işlər görə, biliklərimizi Azərbaycanla bölüşə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR