Güney Azərbaycanda çillə gecəsi - ARAŞDIRMA

Güney Azərbaycanda çillə gecəsi - ARAŞDIRMA
# 21 dekabr 2023 10:54 (UTC +04:00)

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər

On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası

On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək

On dördüncü yazı - Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri

On beşinci yazı - Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri

On altıncı yazı - Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları

On yeddinci yazı - Kəlağayısı ilə məşhur olan, sakinləri torpağın altında yaşayan Azərbaycan şəhəri

On səkkizinci yazı - Andranikin qoşunlarının Xoy, Urmiya və Salmasda törətdiyi vəhşilik - CİLOLUQ FACİƏSİ

On doqquncu yazı - Türkmənçay müqaviləsinin bağlandığı şəhər

İyirminci yazı - Güney Azərbaycanda dilimizin vəziyyəti

İyirmi ikinci yazı - 77 il əvvəl Təbrizdə yandırılmış kitablar

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Güney Azərbaycanda çillə gecəsi” adlı məqaləsini təqdim edir.

Hər bir millətin tarix və mədəniyyətində o millətə məxsus adətlər, ənənələr, törələr, dəblər, bayramlar, şənliklər və yaslar yer alır. Bu inancların, davranış və ritualların əhəmiyyəti o qədər böyükdür ki, hazırda dünyada onlara “simvolik kapital” deyirlər. Simvolik kapital, bir xalqın ardıcıllıq, həmrəylik, tərəqqi və uğur qazanmasına yol açan ən mühüm sərmayələrdən biri hesab edilir.

Bu simvolik kapitalın birinci funksiyası ondan ibarətdir ki, bir toplumun üzvləri arasında kollektiv və sosial kimlik yaratmağa kömək edir. Məsələn, Novruz bayramı və onun qeyd olunma keyfiyyəti Arazın hər iki tərəfindəki Azərbaycan xalqının ortaq mədəniyyətə malik olmasını və digər etnik qruplardan fərqliliyini göstərməkdədir. Bu dəblər mədəniyyətin yeni nəsillərə ötürülməsinə zəmin yaradır, eyni zamanda, müxtəlif insanlar arasında empatiya yaradır ki, bu da cəmiyyətdə “ictimai etimad”ın artması ilə nəticələnir. Sosioloqların fikrincə, ictimai etimad sosial kapitalın əsasıdır və bir toplumun sosial kapitalı nə qədər güclü olarsa, o, təzyiqlərə və çətinliklərə qarşı daha çox müqavimət göstərir və bu, toplumun davamlı olmasını mümkün qılmaqdadır.

Güney Azərbaycan son yüz ildə ağır assimilyasiya siyasətinə məruz qalıb. Bu siyasətin əsas amaclarından biri Güney Azərbaycan türklərinə öz kimliklərini unutdurmaq və onları fars mədəniyyəti içində əridib məhv etmək olub. Assimilyasiya siyasəti yalnızca Azərbaycan türklərinin dilini, tarixini, mədəniyyətini danmaq, təhrif etmək, hətta aşağılamaqla məhdudlaşmayıb, eyni zamanda, Azərbaycan türklərinə xas olan mərasim və ritualları unutdurmağı da hədəf alıb. Bu arada Novruz bayramı, çillə gecəsi və çərşənbə gecəsi kimi mərasimlər fars mədəniyyətində də qeyd olduqlarından dolayı unutdurulması vacib görülən mərasimlərin siyahısına daxil edilməyib. Ancaq assimilyasiya siyasəti ilə birlikdə digər ortaq dəyərlərin də farslaşdırılması hədəf alınıb. Yəni məqsəd odur ki, belə mərasimlər get-gedə türk və Azərbaycan məzmunundan silinsin və tamamilə farsların tutduqları kimi tutulsun.

Azərbaycan türklərinə məxsus olan və hələ də qorunub saxlanılan rituallar və mərasimlərdən biri də çillə gecəsi mərasimidir. Ancaq bu gecənin mahiyyəti də farslaşdırma siyasətindən kənarda qalmayıb. Bu qısa yazıda Güney Azərbaycanda çillə gecəsini, bu gecədə keçirilən mərasimləri, bu gecəyə xas olan adət-ənənələri təqdim edərkən Güney Azərbaycan türklərinin çillə gecəsinin mahiyyətini qoruyub saxlamaq üçün göstərdikləri səylərdən bəhs edəcəyik.

Çillə gecəsi nədir?!

Çillə gecəsi ilin ən uzun gecəsidir. Miladi təqvimlə bu gecə dekabrın 21-nə, Sultan Məlik şah Səlcuqinin göstərişi ilə təyin edilmiş cəlali təqviminə görə isə payızın son gecəsinə bərabərdir və Azər ayının 30-na təsadüf edir.

Çillə türk sözüdür və türk dilində ilin ən uzun gecəsi anlayışına uyğun gələn yay siminin maksimum uzunluğu mənasını verir. Çillə yalnızca bir gecədən ibarət deyil. Payızın son gecəsindən və qışın ilk günündən başlayan çillə 60 gün davam edər. Azərbaycan türkləri altmış günlük çillənin ilk 40 gününü Böyük çillə, qalan iyirmi gününü isə Kiçik çillə deyə adlandırıblar. Türk mədəniyyətində hələ də bir qədər qorunub saxlanılan və Türkiyədə çillə olaraq istifadə edilən çillə sözünün başqa bir mənası da daimi sıxıntıdır. Bilirik ki, Azərbaycanın can yandırıcı soyuğu, xüsusən də çillə adlı 60 günlük dövrdə nənə-babalarımızın çəkdiyi ən böyük əziyyətlərdən biri olub.

Uca dağlar, qara qışlar diyarı olan Azərbaycanda qışın soyuğunun məşəqqəti o qədər acı, kədərli və ağrılı olub ki, Azərbaycan folklor hekayələrinin böyük bir hissəsinin məzmununu təşkil edib. Qarın və qışın soyuğunun simvolu olan qarı nənənin danışdığı əhvalatlar bu hekayələrin hamısının ortaq və mərkəzi xarakterini təşkil edir - qalsın ki, “qarğış” sözünün (qar+qış) oluşması da yetərincə diqqət çəkicidir. Azərbaycanda qışın çilləsinin nə qədər məşəqqətli və ağrılı olduğunu ifadə edən hekayələrin birinə görə, bir gün qarı nənənin Böyük çillə və Kiçik çillə deyilən iki oğlu bir-birləri ilə bəhs edərlər. Böyük çillənin ömrünün sonlarında Kiçik çillə ondan soruşar: Sən nə iş görə bildin?

Böyük çillə cavab verər: Mən getdim üşütdüm, dondurdum, naxoşlatdım gəlim.

Kiçik çillə deyər: Elə bumu? Mən getsəm, qarıları kürəkdən, lüleyinləri lüləkdən, gəlinləri biləkdən, körpələri bələkdən eylərəm! (başqa bir rəvayətə görə: qarıları kürsü başında, gəlinləri təndir başında, körpələri beşikdə şaxtadan çatladaram deyib).

İstər sosiologiya, istər psixologiya, istərsə də tarixi nöqteyi-nəzərdən insanlar ciddi təhlükələrlə qarşılaşdıqda həmişə öz tay-tuşları ilə birləşməyə, düşmənlərin (istər təbii fəlakətlər olsun, istərsə hücuma keçməyə cəhd göstərən bir heyvan, yaxud başqa insanlar olsun) qarşısında tək başına qalmamağa çalışırlar. Bu baxımdan çillə gecəsində böyük çapda yaşanan qonaqlıqların fəlsəfəsi insanlarda həmrəylik və birlik ruhu yaratmaq duyğusuna dayanır. Qara qışın məşəqqətindən dolayı qorxuya düşən insanlar, biz bir olsaq hər cür çətinliyin öhdəsindən gələ bilərik, deyə düşünüb bir-birlərindən mənəvi ruh alırlar. Təbii, unutmayaq ki, zaman keçdikcə çillə gecəsi sadə bir qonaqlıq və toplantıdan kənara çıxıb, xüsusi adətlər, ənənələr və dəbləri də ehtiva edib.

Çillə gecəsinin dəbləri

Böyüklərin, ağsaqqal ataların, ağbirçək anaların evinə getmək, ilin ən uzun gecəsini birlikdə keçirmək çillə gecəsinin ən başda gələn dəblərindən biridir. Bu uzun gecədə sinədəftər babaların və nənələrin nağıllarına, xatirələrinə, məsəllərinə qulaq asmaq da el dəbidir. Qədim Azərbaycan şairlərinin şeirlərini oxumaq, bayatı oxumaq, dastanları anlatmaq da bu uzun gecənin uzun qonaqlıqlarının bir parçası olub və beləliklə, dilimiz və mədəniyyətimiz də nəsildən-nəslə ötürülüb. Bu arada, tapmacalar da unudulmaz və gecənin əyləncəli anlarını yaradar. Güney Azərbaycandakı şifahi xalq ədəbiyyatını, dəbləri, adət-ənənələri araşdırıb qorumaq uğrunda böyük əmək verən Süsən Nəvadə Rəzi xanım çillə gecəsinin dəblərini anladaraq belə maraqlı bir məqama da toxunur: “Nəsillərin bir-birindən uzaqlaşdığı bir çağda, çillə gecəsinin mərasimi üç nəslin bir araya gəldiyi gözəl bir ekrandır”.

Beləliklə, üç fərqli nəsildən təşkil tapan ailə mənsubları belə bir gecədə bir araya gələrək bir-biri ilə ünsiyyət qurur, bir-birinin sözlərinə qulaq asırlar, qara qışın ürəklərinə saldığı, yaxud ürəklərinə salmaq istədiyi qorxunu və ya kədəri ürəklərindən silib atırlar.

Ay çillə-çillə, qardaş

Atını qamçıla, qardaş

Bir gəlib danışmadın

Qəlbim açıla, qardaş

Çillə gecəsinin qonaqlıqları başqa gecələrin qonaqlıqlarından fərqli olaraq çox uzun sürər. Ev sahibi qonaqların çıxıb getmələrini gözləməz. Əslində bu gecənin qonaqlıqlarının fəlsəfəsində ilin ən uzun gecəsini səhərəcən birlikdə saymaq, səhərin açılmasını birlikdə görmək var. Bunun da bəlli səbəbləri var. Bəzi araşdırmaçılar çillə gecəsini qədim mifoloji dövrə aid edərək bunu mitraizm və günəşin doğulması ilə əlaqələndirirlər. Bu qısa yazıda mitraizmi anlatmaq, Azərbaycan türklərinin arasında mitraizmin nə dərəcədə qəbul görüb-görmədiyini dartışmaq mümkün deyil. Lakin nəzərə gəlir ki, çillə gecəsi və bu gecənin mərasimləri mitraizmi və günəşin doğmasını da öz içində əks etdirməkdədir. Xüsusən də nəzərə alaq ki, bu gecədə iki qırmızı meyvənin nar və qarpızın yeyilməsi vacib sayılır (qarpız ortadan kəsildikdə günəşi təmsil edir).

(Çillə mərasimi, Urmiya şəhrində)

Hər halda məlumdur ki, ilin ən uzun gecəsində qurulan ən uzun qonaqlar təkcə söhbət və şeir oxuyub eşitməklə məhdudlaşa bilməz və meyvələr, yeməklər də bu gecənin ayrılmaz hissəsi hesab olunur. Bu gün nəqliyyat vasitələrinin inkişafı və həmçinin, meyvə saxlama anbarlarının və texnologiyanın inkişafı sayəsində bütün meyvələri ilin demək olar ki, hər fəslində əldə etmək mümkündür. Lakin şübhəsiz ki, keçmişdə belə deyilmiş. Ona görə də demək olar ki, əvvəllər hər bir bölgədə o bölgəyə xas olan meyvə, quru meyvə və qidalardan istifadə olunurdu (Bu arada zatən yayda yetişən qarpızı çillə gecəsinədək saxlamaq ən çətin işlərdən biri sayılır. Çox başarılı olmasa da, keçmişdə ümumiyyətlə qarpızı samanlıqlarda saxlamağa çalışardılar).

(Bir çillə gecəsi görüntüsü)

Güney Azərbaycanda hələ də qorunub saxlanılan çillə gecəsi dəblərindən biri də adaxlı qızlara adaxlı oğlanlar tərəfindən çilləlik deyilən xonça aparılmasıdır. Xonçada qarpız, nar, halva, pambıq konfet, noğul, quru meyvələr və oğlanın adaxlısına aldığı hədiyə yer alar. Keçmişdə çillə xonçasına adaxlı qız üçün qış paltarı, qış başmağı, əlcək qoyulardı. Əslində, qarpız, nar, quru meyvələr kimi halva, pambıq konfet, noğul da bu günlər çillə gecəsinin vazkeçilməzi sayılır.

Çillə gəlir, qar gəlir

Alma, heyva, nar gəlir

Çilləlik gətirməyə

Bizim evə yar gəlir

***

Bu qarpız, çillə qarpız

Düşübdür dilə qarpız

Yığılıb xurcunlara

Gəlib yar gilə, qarpız

Azərbaycanın süfrələrindən xoş dualar heç zaman əskik olmayıb. Çillə gecəsinin yeməkləri adi qonaqlıqlarda yeyilən yeməklər kimi olmayıb, bir çoxu simvolik anlam daşımaqdadırlar. Qabaqlar qarpızı evin ağsaqqalı və ya ağbirçəyi kəsərdi və kəsməkdən qabaq xeyir-dualar edərdi. Dualarında qışın yüngül keçməsi, insanları məşəqqətə salmaması da arzu edilərdi. Qarpız yeyildikdən sonra belə xeyir-dualar bitməzdi:

Qovub qışı, ayazı

Kəsdik çillə qarpızı

Allah yetirsin ruzi

El qalmasın tamarzı

Güney Azərbaycan türkləri çillə gecəsinin dəblərini qorumağa çalışırlar

Yuxarıda dediyimiz kimi, son yüz ildə İranda farslaşdırılmaya çalışılmamış heç bir tarixi, ədəbi, mənəvi, ənənəvi şey yoxdur. Beləliklə, qeyri-fars xalqların farslaşdırılmasına çalışılmışdır. Çillə gecəsinin adı, fəlsəfəsi, dəbləri də bu siyasətdən kənarda qalmayıb. Fars dilində çillə sözünün qarşılığı olmadığına görə, neçə il bundan qabağadək farsların çoxu belə bu gecəyə “Şəb-i Çillə” deyərdi. Ancaq çillə sözünün fars kökənli bir söz olduğunu isbat etmək uğrunda uydurduqları yalanlar boşa çıxdıqda və bu sözün türk kökənli olduğu ortaya çıxdıqda süryani-ərəb dillərindən alınmış “Yəlda” sözünü dillərə salmaq oldu. Təkcə amacları isə türk sözü olan, Azərbaycanda istifadə edilən çillə sözünü istifadə etməmək və hətta azərbaycanlılara belə bu adı unutdurmaq olub.

(Xoy Şəhərinin bələdiyyəsi tərəfindən “Çillə gecəsi mübarək” deyə asılan bannerlər səbəbi açıqlanmadan yığışdırıb yerinə fars dilində təbrik mətnləri asılıb)

Farslaşdırma siyasəti yalnızca bu gecənin adını dəyişməklə qalmır. Bu gecənin varlıq fəlsəfəsini və dəblərini də farsçılıq məfkurəsi əsasında dəyişməyə çalışır. Məsələn, yuxarıda da dediyimiz kimi, Güney Azərbaycan türklərinin Çillə gecələrindəki qonaqlıqlarında şeirlər, dastanlar, xatirələr, bayatılar, tapmacalar doğma dillərində dilə gəlir. Lakin İranın rəsmi televiziyası başda olmaqla birlikdə bir çox müxtəlif saytlar, mətbuat və medialar bu gecə fars şairlərin şeirlərinin oxunulmasını qədimdən var olan bir dəb kimi göstərməklə Güney Azərbaycan türklərini də fars şairlərin şeirlərini oxumağa yönləndirməyə cəhd göstərirlər.

(Çilləni türkcə şeir oxuyaq. Çillə gecəsini farslaşdırmağa çalışanlara cavab olaraq Güney Azərbaycan türkləri həmin gecədə öz dillərini və ədəbiyyatlarını qorumağa çalışırlar)

Güney Azərbaycan ziyalıları və mədəniyyət xadimləri isə əllərində olan çox az imkanlarla farsçılıq siyasəti əsasında ortaya çıxan uydurmalara cavab verməyə, bu gecənin Azərbaycan mədəniyyətinə dayalı fəlsəfəsini və dəblərini anlatmağa və qorumağa çalışırlar.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR