Bank Of Baku

Bakı-Quba yolunda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-2

Bakı-Quba yolunda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB-2
# 09 mart 2023 11:06 (UTC +04:00)

Bakı-Quba yolunda baş verən qəza hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraciət edib.

Bu barədə APA-ya Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Məlumata görə, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 3 nəfərin müalicəsi (vəziyyətləri orta ağır qiymətləndirilir) Terapiya şöbəsində, 3 nəfərin müalicəsi (vəziyyətləri ağır qiymətləndirilir) Reanimasiya şöbəsində, 5 nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə Acil şöbəsində davam etdirilir.

***

11.05

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub. Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***

08.43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 08:24

Bakı-Quba yolunun 28-ci kilometrliyində qəza baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı "Ford" markalı mikroavtobus propan qazı daşıyan avtomobilə arxadan çırpılıb.

Nəticədə doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əli Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR