Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaxınlıqdakı nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Chevrolet Cruze” markalı minik avtomobilinin yanar hissələri və “Toyota Corolla” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.
Yaxınlıqdakı park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub.
***
10.19
Bakıda iki avtomobil yanıb.
APA xəbər verir ki, hadisə Səbail rayonu, İzzət Nəbiyev küçəsində qeydə alınıb.
"Toyota" və "Chevrolet" markalı avtomobillərdə baş verən yanğın söndürülüb. Yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yanğın "Chevrolet" markalı avtomaşında yaranmış qısaqapanma nəticəsində baş verib. Yanğın yol kənarında dayanan digər "Toyota" markalı avtomaşına da sıçrayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.