Böyük Britaniya vətəndaşından hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Yasəmən Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.
İttihama görə, Elnarə Nəsrəddinova və Yasəmən Məmmədova zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheri barəsində rüsvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər. Hədə-qorxu yolu ilə Britaniya vətəndaşından 205 823 manat alıblar.
İstintaq orqanı tərəfindən Elnarə Nəsrəddinova barəsində Cinayət Məcəlləsinin 182.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmən Məmmədova barəsində isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheri Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.