Həbsdə olan vəkilin məhkəməyə etirazı baxılmamış saxlanıb

Həbsdə olan vəkilin məhkəməyə etirazı baxılmamış saxlanıb
# 22 aprel 2024 12:40 (UTC +04:00)

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sümbülə Əliyeva hakimlərə etiraz edib.

S. Əliyeva etiraza səbəb kimi məhkəmə istintaqı zamanı onun verdiyi vəsatətlərin təmin edilməməsini və işin obyektiv aparılmamasını göstərib: "Məhkəmə istintaqı zamanı əlavə şahidlərin və maliyyə sənədlərinin araşdırılması barədə vəsatətlər verdim. Hakim Mahmud Ağalarov isə bu vəsatətləri təmin etmədi, sənədləri araşdırmadan çıxışlara keçid etdi. Əgər məni cəzalandırmaq istəyirsinizsə, güllələnmə cəzası verin. 40 ildir vəkiləm belə araşdırma aparılan məhkəmə prosesi görməmişəm".

Daha sonra Sümbülə Əliyeva məhkəmədə iştirak etməmə səbəbini açıqlayıb: "Məhkəmədə olanlar məni stresə saldı. Hətta əməliyyat olundum. Gəlmədiyim proseslər barədə hakimin köməkçisinə səhhətimlə bağlı hər dəfə sənəd göndərirdim. Təqsirləndirilən şəxs xəstə olanda onun barəsində həbs qətimkan tədbiri seçilmir. Onun verdiyi sənədlər yoxlanılır. Bəlkə mən yalandan deyirəm. Bütün bunlara görə də işimi araşdıran hakimlər - Mahmud Ağalarov və Samir Əliyevə etiraz edirəm".

Hakimlər müşavirəyə gedib. Müşavirədən sonra qərar açıqlanıb. Qərara əsasən, təqdim edilən sübutlar yetərsiz sayıldığı üçün etiraz baxılmamış saxlanılıb.

Hakim Mahmud Ağalarov sonra ittiham aktının nəticəvi hissəsinin elan edilməsini təklif edib. Təqsirləndirilən Sümbülə Əliyeva isə dövlət ittihamçısı barədə də etirazı olduğunu deyib: "Dövlət ittihamçısı Orxan Mehdiyevə də etirazım vardı. Bu gün prosesdə digər dövlət ittihamçısı Ziya Mansurov iştirak edir. Ona görə də Ziya Mansurova da etiraz edirəm".

Hakim məhkəmə iclasının təxirə salındığını bildirib.

Məhkəmə prosesi aprelin 25-nə təyin edilib.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət içi üzrə məhkəmədən yayınması əsas gətirilərək ötən ay barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR