Bank Of Baku

"Kamranı öldürəndən sonra meyiti quyuya atdım" - Rəssam-modelyerin atasının qətli ilə bağlı məhkəmə

"Kamranı öldürəndən sonra meyiti quyuya atdım" - Rəssam-modelyerin atasının qətli ilə bağlı məhkəmə
# 16 fevral 2024 15:24 (UTC +04:00)

Rəssam-modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Mustafa Zeynalovun istintaqa verdiyi ifadələr elan olunub.

Qeyd olunub ki, Mustafa Zeynalov istintaq zamanı fərqli, bir-biri ilə ziddiyyət təşkil edən ifadələr verib, bu səbəbdən məhkəmədə həmin ifadələr elan olunur.

Mustafa Zeynalov istintaqda sərbəst ifadəsində hadisənin Namiq Əliyev tərəfindən törədildiyini deyib: "Kamranla maşında Nardaran istiqamətinə gedirdik. O dedi ki, pulu gətirib. Pul əlindəki çantatadır. Maşını mən sürürdüm. Kamran yanımda, Namiq isə arxada oturmuşdu. Namiq əsəbiləşdi, başının arxasına şampan butulkası ilə vurdu. Maşını saxladım. Kamranla Namiq maşından düşdü. Namiq Kamranı vurmağa başladı. Maşından butulkanı götürüb Kamranın alnından vurdu. Kamran yıxıldı, gördük ki, ölüb. Üstünə daş qoyub yaxınlıqdakı quyuya atdıq. Namiqlə mənim Kamranı öldürmək barədə planımız olmayıb".

Təqsirləndirilən Mustafa Zeynalov sərbəst ifadəsi zamanı bu sözləri demədiyini bildirib.

Prokuror Mustafa Zeynalova niyə ifadəni oxumadan imzaladığını soruşanda isə o, "Müstəntiqə güvəndim deyə ifadəni oxumadım, birbaşa imzaladım", cavabını verib.

Daha sonra M. Zeynalovun təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadə elan edilib:

"Namiq Nardaranda bağ almaq istəyirdi. Görüşəndə ona görə Namiqin bağ almaq istədiyi yerə tərəf sürdüm. Axırıncı dəfə görüşəndə Namiqə dedim Kamran pulla gələcək. Sonra Namiqlə Kamran dalaşdı. Namiq Kamranı vurdu. Sonra pulu götürdüm. 121 min manatı Namiqə verdim. Öz bağıma gəldim. Hadisə zamanı paltarım batmışdı deyə dəyişdirdim".

Daha sonra prokuror Mustafa Zeynalovun istintaq zamanı verdiyi ifadələrin bir-biri ilə ziddiyyət təşkil etdiyini deyib. Qeyd olunub ki, Mustafa Zeynalov başqa bir ifadəsində Kamran Bəkirovu öldürdüyünü etiraf edib: "Kamranı Maştağadan götürdüm. Görüşə Namiqin gəldiyi maşınla getdik. Namiq telefonla danışırdı. Kamranla mən qabaqda, Namiq arxada oturmuşdu".

O, Kamrannə Bəkirovun ona əl-qol atdığını bildirib: "Maşından düşəndə mənim başıma daşla vurdu. Mən də maşında özümü qorumaq üçün şampan butulkasını götürdüm. Alnına iki dəfə vurdum. Yerə yıxıldı, başı əvvəlcə kubikə, sonra çay daşına dəydi. Sonra gözlüyümü ağzına tutdum, gördüm şüşə yaşarmır. Namiqə dedim ki, kömək elə aldığımız bağ evinin həyətinə aparaq. O pis oldu. Kamranı quyuya təkbaşına atdım. İstintaqda verdiyim digər ifadələrdə Kamranı Namiqin vurduğunu demişdim. Ancaq yalan demişəm. Bütün hadisəni mən etmişəm".

Proses martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. İttiham aktına görə, Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıb, 285 min manatını götürərək hadisə yerindən qaçıblar.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər şirkətdə hüquqşünas işləyib. Namiq Əliyev isə bankda çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR