Naxçıvanın Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.
Şahidlər ifadələrində Tofiq Həsənovu şəxsən tanımadıqlarını, onlardan tələb olunan pulları Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə şəxsən və ya başqa şəxslər vasitəsilə verdiklərini bildiriblər.
Qoşqar Əliyev isə pulları xidmət rəisinin tapşırığı ilə vətəndaşlardan aldığını təsdiq edib.
Öz ərizəsi ilə prosesə onlayn qaydada qatılan Tofiq Həsənov isə ittihamlara cavab olaraq pul almadığını bildirib.
Proses yanvarın 30-da davam etdiriləcək.
Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.
T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.