Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Hadisə yerində jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov deyib ki, FHN-nin “112 qaynar xətti”nə Sumqayıt şəhəri Novxanı bağları massivində partlayış hadisəsinin baş veməsi ilə bağlı məlumat daxil olub.
Dərhal hadisə yerinə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Qeyd olunub ki, hadisə yerində təhlükəsizlik tədbirləi görülüb, ilkin kəşfiyyat zamanı dağıntılar altında iki nəfər qaldığı məlum edilib. Dərhal xilastetmə əməliyyatlarına başlanılıb. Hər iki nəfər sağ olaraq xilas edilərək aidiyyəti üzrə Təcili Tibbi Yardım heyətinə təvil verilib, xəstəxanaya evakuasiya edilib.
***
09:24
Məlumat verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
08:59
Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.
APA xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.
Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və
Qasım Həşimovun olduğu bildirilir.
***
08:41
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.