“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb

Bəkir Orucov

© APA | Bəkir Orucov

# 22 fevral 2024 11:29 (UTC +04:00)

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun barələrindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

İş üzrə vəkillər apellyasiya şikayətinə istintaqla baxılmasını və sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət veriblər.

Vəsatət təmin edilməyib və məhkəmə baxışı fevralın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR