Misirin “Əl-Şuruk” qəzetində 31 mart soyqırımına həsr olunmuş məqalə dərc edilib

Misirin “Əl-Şuruk” qəzetində 31 mart soyqırımına həsr olunmuş məqalə dərc edilib
# 30 mart 2012 21:45 (UTC +04:00)
Bakı-APA. Martın 29-da Misirin ən nüfuzlu və çox oxunan qəzetlərindən biri olan ərəbdilli “Əl-Şuruk” qəzetində jurnalist Əhməd Əbdu Tərabiyin 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş “Tarix özünü təkrar edir və ya tiranlar tarixi hadisələri təkrar edirlər” adlı məqaləsi dərc edilib. Bu barədə APA Azərbaycanın Misirdəki səfirliyinə istinadən məlumat verir.

1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş qırğınların Azərbaycan xalqının tarixində baş vermiş ilk və sonuncu faciə olmadığını yazan müəllif 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıya müdaxiləsi və 26 fevral 1992-ci il Xocalı soyqırımının timsalında tarixin özünü təkrarladığını qeyd edib. O, ermənilərin Birinci dünya müharibəsinin sonlarında baş vermiş hadisələr və Rusiyadakı bolşevik inqilabından yararlanaraq, 1918-ci ilin 31 mart axşamı Bakıda azərbaycanlılara qarşı kütləvi soyqırıma başladıqlarını və bir gecə ərzində Bakıda 3000 azərbaycanlını öldürdüklərini, evləri, məktəbləri, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları və şəhəri viran qoyduqları barəsində oxuculara geniş məlumat verərək, sonradan bu faciənin Azərbaycanın digər şəhərlərinə də yayıldığını və aprelin əvvəlinə qədər 50.000-dən artıq azərbaycanlının qətlə yetirildiyini yazıb.

Öz tarixi torpaqlarında sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqına qarşı 1918-ci ilin martında ermənilərin qəddarlığına görə misli görünməyən soyqırımı törətdiklərini yazan müəllif 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “soyqırımı” adlandırmağa çalışan ermənilərin özlərində iradə və cəsarət tapıb 1905-1907, 1918-ci il mart və 1992-ci il Xocalı faciəsinə görə cavab verməli olduqlarını vurğulayıb.

Müəllif Azərbaycan xalqının 1918-ci ilin martında baş vermiş bu soyqırıma da sinə gərdiyini və 1918-ci ilin mayında Yaxın Şərqin ilk parlamentli demokratik respublikasını qurduğunu yazaraq, Sovet işğalına görə Azərbaycan Demokratik Respublikasının ömrünün qısa olduğunu və Azərbaycan xalqının öz müstəqilliyinə 1991-ci ildə SSRİ-in dağılmasından sonra yenidən qovuşduğunu qeyd edib.

BMT Təhlükəsizlik Şurasının və Baş məclisinin qətnamələrinin tələblərinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və ətraf rayonları işğal altında saxladığını yazan müəllif bu siyasətin Ermənistanın region xalqları ilə sülh şəraitində yaşamaq niyyətində olmadığına və öz xalqını müharibəyə və nifrətə sürüklədiyinə dəlalət etdiyini oxucuların nəzərinə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR